Əsas Səhifə > Maraq > Xətai Bağırov: Komandamızın potensialı məqsədə nail olmağa imkan verəcək

Xətai Bağırov: Komandamızın potensialı məqsədə nail olmağa imkan verəcək


5-08-2021, 16:00
Xətai Bağırov: Komandamızın potensialı məqsədə nail olmağa imkan verəcək


UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Europa” (Cəbəllütariq), “Kampuksen Dinamo” (Finlandiya) və “Raba” (Latviya) klubları ilə qarşılaşacaq “Araz-Naxçıvan” futzal komandası hazırlığını davam etdirir.
BrendSport.az xəbər verir ki, gündə bir dəfə olmaqla fiziki təmrinləri yerinə yetirən ölkə çempionunun aparıcı üzvlərindən Xətai Bağırov hazırlıqla bağlı deyib: “Çempionlar Liqasının hazırlığına başlamışıq. İlk öncə fiziki hazırlığımızı yüksəltmək üçün məşqlər edirik. Yeni transferlərimiz 2-3 gün ərzində komandaya qoşulacaqlar. Taktiki çalışmalarımızı isə baş məşqçinin rəhbərliyi altında keçəcəyik”.
X.Bağırov deyib: “Qrup mərhələsindəki rəqiblərimiz haqda ətraflı məlumata sahib deyiləm. Amma bilirəm ki, hər biri öz ölkəsinin milli komandasının bazasını təşkil edir. Finlandiya təmsilçisi əsas rəqibimiz olacaq. Bu ölkənin millisi gələn il keçiriləcək Avropa çempionatında da iştirak edəcək. “Kampuksen Dinamo”nun 5-6 futzalçısı millinin heyətində yer alır. Ən çətin oyunumuz onlarla olacaq. Meydan sahibi – “Raba”nı da unutmaq olmaz. Çünki meydan amili əlavə güc verir. Bu klubun əsasını da millinin üzvləri təşkil edir. Üstəlik, komandada legioner futzalçılar da var. “Europa” da adətən mübarizəyə bu mərhələdən başlayır. Bir neçə transfer ediblər. Yəqin ki, irəliyə addım atmaq üçün nəsə etməyə çalışacaqlar. Rəqiblərimiz haqda ümumi bunları deyə bilərəm”.
Reytinq baxımından qrupun favoritinin “Araz-Naxçıvan” olduğunu deyən futzalçı bildirib ki, son 4 mövsümdə mübarizəni qatıldığımız mərhələdəcə dayandırmışıq. Əlbəttə, bu uğursuzluğa son qoymalıyıq. Komandamızın qarşısına konkret tapşırıq qoyulub: qrup lideri olmaq və əsas mərhələyə vəsiqə qazanmaq! Bunu etməliyik ki, reytinq xallarımız da artsın. Komandamızın potensialı məqsədə nail olmağa imkan verəcək.
Geri qayıt