Əsas Səhifə > Maraq > Baş məşqçi: boksçularımızın hər birinin medal qazanmaq şansı var

Baş məşqçi: boksçularımızın hər birinin medal qazanmaq şansı var


18-07-2021, 13:08
Baş məşqçi: boksçularımızın hər birinin medal qazanmaq şansı var

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Tokio Yay Olimpiya Oyunlarına hazırlığı başa vurub.
Azərbaycan Boks Federasiyasından BrendSport.az-a verilən məlumata görə, yığmamız təlim-məşq toplanışının son mərhələsini İtaliyanın Assizi şəhərindəki Boks Akademiyasında keçib. 10-dək ölkə təmsilçisinin qatıldığı məşqlərdə əsasən fiziki və taktiki hazırlığa diqqət yetirilib.
Milli komandamızın baş məşqçisi Umberto Orta Dominqes təlim-məşq toplanışından razı qalıb. O, boksçuların hər birinin Tokio Yay Olimpiya Oyunlarına hazır olduğunu bildirib: “Təlim-məşq toplanışını çox gözəl şəkildə başa vurduq. Komandamız iyulun 18-də Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Tokioya yollanacaq. Məşq proseslərimiz çox yüksək səviyyədə keçdi. Boksçuların hazırlığından, xüsusilə də fiziki durumundan çox razıyam. Hər biri Olimpiadanın startını səbirsizliklə gözləyir. Onların çəkilərində də problem yoxdur”.
Təcrübəli kubalı mütəxəssis “Tokio-2020”dən gözləntilərini də açıqlayıb. O, Olimpiadada iştirak edəcək boksçularımızın hər birindən - Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayevdən (+91 kq) uğur gözlədiyini deyib: “Bütün boksçulardan medal gözləyirəm. Tayfur da fəxri kürsüyə qalxa bilər. Cavid dünya çempionudur, burada da öz sözünü demək gücündədir. Alfonso dünya reytinqində ikincidir. Onun da medal şansı yüksəkdir. Lorenzonun da Oyunlarda medal qazandığını nəzərə alsaq, bu dəfə də ümidlərimiz böyükdür. Məhəmməd də perspektivli idmançıdır və yarışda medal qazanmağı hədəfləyib. Bir sözlə, boksçularımızın hər birinin medal qazanmaq şansı var. Amma hər bir yarışda idman şansının da vacib olduğunu yaddan çıxarmalı deyilik. Məqsədimiz Tokioda ən yaxşı şəkildə çıxış etməkdir”.
Qeyd edək ki, boksçularımız Tokioya İtaliyadan yollanacaqlar. Oyunlarda boks yarışları iyulun 24-də start götürəcək və avqustun 8-də bitəcək. Qarşılaşmalar “Ryoqoku Kokuqikan” idman sarayında keçiriləcək.
Geri qayıt