Əsas Səhifə > Maraq > Boksçularımız Tokio Olimpiadasına hazırlığı İtaliyada davam etdirəcəklər
Boksçularımız Tokio Olimpiadasına hazırlığı İtaliyada davam etdirəcəklər2-07-2021, 21:38 |
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən BrendSport.az-a verilən məlumata görə, iyunda Avropa Olimpiya təsnifat turniri bitdikdən sonra davam etdirilən hazırlığın son mərhələsi İtaliyada yekunlaşacaq. “Tokio-2020”yə lisenziya qazanan Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayevin (91 kq-dan yuxarı) heyətində yer aldığı komandamız bu gün Assizi şəhərinə yola düşəcək. Umberto Orta Dominqesin baş məşqçisi olduğu millimiz burada beynəlxalq təlim-məşq toplanışına qatılacaq. Hazırlıqda 10-dək ölkənin iştirakı planlaşdırılır. Onların arasında İtaliya, Fransa, Dominikan Respublikası, Hindistan, Kanada və digərləri var. Boksçularımız Assizidə əsasən, fiziki və taktiki hazırlıq üzərində işləyəcəklər. Toplanışın son mərhələsində sınaq görüşlərinin olması da planlaşdırılır. Yığmamız iyulun 18-dək İtaliyada hazırlıq keçəcək və oradan Olimpiadanın təşkil olunacağı Tokioya yollanacaq. Qeyd edək ki, Tokio Olimpiadasının boks yarışları iyulun 24-də start götürəcək və avqustun 8-də bitəcək. Qarşılaşmalar “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək. Geri qayıt |