Əsas Səhifə > Maraq > Ulu öndərin xatirəsinə həsr olunmuş turnir keçirilib

Ulu öndərin xatirəsinə həsr olunmuş turnir keçirilib


10-12-2018, 22:30


Paytaxtda fəaliyyət göstərən “Judo Club 2012” idman klubunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə şəxsi-komanda turniri keçirilib.

BrendSport.az xəbər verir ki, iki gün davam edən klubdaxili turnirdə 150-yə qədər idmançı öz qüvvəsini sınayıb.

İdman klubunun icraçı direktoru, Əməkdar məşqçi, cüdo və sambo üzrə SSRİ idman ustası, veteran ustalar arasında beynəlxalq yarışın mükafatçısı Hafiz Hacıyev bu barədə məlumat verərkən deyib: “Ulu öndər Heydər Əliyevin xatirəsi hər birimiz üçün əzizdir. Dahi rəhbərimiz gənc nəslin həm mənəvi, həm də fiziki cəhətdən sağlam böyüməsinə xüsusi qayğı göstərirdi. Onun yaratdığı ənənələr yaşayır və inkişaf etdirilir. Azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınır. Biz də ölkəmizin idman şərəfini layiqincə qoruya biləcək idmançılar yetişdirməyə çalışırıq. Ulu Öndərin anım günü ərəfəsində keçirdiyimiz turnirdə məqsədimiz perspektivli yeniyetmə cüdoçuları müəyyənləşdirmək və klubun müxtəlif yaş qrupları üzrə komandalarının tərkibini komplektləşdirmək idi”.

Turnir hərəsində 10 çəki dərəcəsi olmaqla üç yaş qrupu -2005-2006-cı, 2007-2008-ci və 2009-2011-ci il təvəllüdlülər arasında keçirilib. Turnir şəxsi-komanda xarakteri daşıdığından idmançılar şərti olaraq “Canavarlar” , “Şahinlər” və “İppon” komandalarına bölünüblər. Şəxsi yarışların nəticələrinə görə komanda hesabında “Canavarlar” birinci yeri tutublar.

Xatırladaq ki, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, usta veteranlar arasında dəfələrlə dünya və Avropa çempionatlarının qalibi, Əməkdar idman ustası Azər Əsgərov rəhbərlik etdiyi “Judo Club 2012” İctimai Birliyinin nəzdində yaradılmış eyniadlı klub qısa vaxtda respublikamızın idman həyatında uğurlu göstəricilərlə tanınıb. Bu yaxınlarda başa çatmış böyüklər arasında cüdo üzrə respublika birinciliyində klubun üzvləri yüksək nəticələri ilə fərqləniblər. Komanda hesabında “Judo Club 2012” respublika birinciliyində üçüncü yeri tutub.
Geri qayıt