Əsas Səhifə > Maraq > “Marca” nəşri “Sabah”ın heyətində 5 futbolçunu fərqləndirib

“Marca” nəşri “Sabah”ın heyətində 5 futbolçunu fərqləndirib


Bu gün, 12:22


İspaniyanın “Marca” nəşri UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Barselona” ilə qarşılaşacaq “Sabah” klubu haqqında geniş məqalə dərc edib.

BrendSport.az
xəbər verir ki, yazıda klubun yaranma tarixi, inkişaf yolu, baş məşqçisi və heyətindəki diqqətçəkən futbolçular barədə məlumat verilib.

Bildirilib ki, 2017-ci il sentyabrın 8-də təsis edilən “Sabah” qısa müddətdə Azərbaycan futbolunun aparıcı klublarından birinə çevrilib. Komanda fəaliyyətə ölkənin II Liqasında başlayıb və cəmi bir ildən sonra Premyer Liqaya yüksəlib. Bakı təmsilçisi ötən mövsüm ölkə çempionu olmaqla yanaşı, Azərbaycan Kubokunu da qazanaraq “qızıl dubl”a imza atıb.

Nəşrin diqqət çəkdiyi məqamlardan biri də komandanın baş məşqçisi Valdas Dambrauskasın futbol karyerasının başlanğıcıdır. 2025-ci ilin iyulundan “Sabah”a rəhbərlik edən 49 yaşlı litvalı mütəxəssis İngiltərədə təhsil alıb. O, məşqçilik üzrə təhsilini televiziya müsabiqəsində qazandığı pul mükafatı hesabına davam etdirib.

Məqalədə qeyd olunub ki, “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində debüt edir. Komanda turnirin əsas mərhələsinə vəsiqə qazanmaq üçün 4 təsnifat mərhələsini adlayıb. Bakı təmsilçisi əvvəlki mövsümlərdə Konfrans Liqası və Avropa Liqasında da çıxış edib.

Nəşr Azərbaycan klubunun heyətində hücumçu Coy-Lens Mikelsin, müdafiəçi Timoteuş Puxaçın, yarımmüdafiəçilər İvan Lepiniça və Velko Simiçin, eləcə də qapıçı Stas Pokatilovun çıxışını xüsusi vurğulayıb.

Bildirilib ki, “Sabah” ev oyunlarını 9 min tamaşaçı tutumuna malik arenada keçirsə də, “Barselona” ilə qarşılaşma 69 min azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

İspaniya nəşri iki komanda arasında maraqlı əlaqəyə də diqqət çəkib. Belə ki, “Sabah”ın polşalı müdafiəçisi Timoteuş Puxaç və “Barselona”nın qapıçısı Voysex Şesnı Polşa millisində komanda yoldaşı olublar. Onlar sonuncu dəfə 2024-cü ilin martında eyni komandada çıxış ediblər.

Qeyd edək ki, noyabrın 25-də keçiriləcək “Sabah” - “Barselona” oyunu saat 21:45-də başlayacaq. Matçın baş hakimi şotlandiyalı FIFA referisi Nikolas Uolş olacaq.
Geri qayıt