Əsas Səhifə > Maraq > Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıbBu gün, 18:01 |
![]() Bakıda üzgüçülük üzrə Dünya Kuboku davam edir. BrendSport.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Abdurrəhman Rüstəmov, Amin Oruclu, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Ramal Sadıqlı, Oqtay Hüseynov, Səid Həmidov, Süleyman İsmayılzadə və Yeqor Maynitski ümumilikdə 8 növdə bacarıqlarını nümayiş etdiriblər. Səhər seansı çərçivəsində bir final baş tutub. Söhbət qadınların 800 metr məsafəyə sərbəst üsulla yarışından gedir. 32 dövrəlik mübarizədə hər kəsdən sürətli olan sinqapurlu üzgüçü Çin Hvi Qan (8:15,73) birinci olub. Onu Yeni Zelandiya təmsilçisi Keytlin Dins (8:17,51) izləyib. Yaponiya idmançısı Vaka Kobori (8:21,11) üçüncü yerə çıxıb. Anastasiya Boborıkina 50 metr məsafəyə brass üsulu ilə yarışda (0:33,48), Yeqor Maynitski isə 200 metr məsafəyə brass üsulu ilə yarışda (2:13,64) Azərbaycan rekorduna imza atıblar. Bugünkü səhər seansını izləyənlər arasında Niderland Krallığının Azərbaycandakı səfiri Marian de Yonq və ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon da olub. 100 metr məsafəyə kəpənək üsulu ilə yarışda çıxış edən təmsilçimiz Mehri Abdurəhmanlı finala vəsiqə qazanıb. Onunla yanaşı axşam seansında 200 metr məsafəyə arxası üstə üsulla yarışda Fatimə Alkərəmova, Vlastilina Xasyanova və Anastasiya Qnusina iştirak edəcək. Fatimə Alkərəmova eyni zamanda 200 metr məsafəyə qarışıq üsulla üzmə yarışında da qüvvəsini sınayacaq. Yarışın axşam seansı saat 18:00-da start götürəcək. Saat 17:20-də “Avroviziya” mahnı müsabiqəsinin qalibi Nigar Camalın çıxışı nəzərdə tutulub. Qeyd edək ki, üzgüçülük üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq. Turnirdə 44 ölkədən ümumilikdə 216 üzgüçü mübarizə aparır. Azərbaycanı yarışda 15 idmançı təmsil edir. Geri qayıt |