Əsas Səhifə > Maraq > Beşillik razılaşma ilə Formula 1 trası yenidən Türkiyədə qurulacaq

Beşillik razılaşma ilə Formula 1 trası yenidən Türkiyədə qurulacaq


Bu gün, 12:39


İstanbul Formula 1 üzrə dünya çempionatının mərhələ yarışlarına yenidən ev sahibliyi edəcək. Beşillik razılaşma ilə Formula 1 trası yenidən Türkiyədə qurulacaq.

BrendSport.az
xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti açıqlama yayıb.

Bildirilib ki, “İstanbul Park”da keçiriləcək Formula 1 yarışı dünyanın ən böyük idman tədbirlərindən biri olaraq İstanbulun bənzərsiz gözəlliklərini qlobal auditoriyaya təqdim edəcək və 180 ölkədə yüz milyonlarla izləyici tərəfindən izləniləcək.

Türkiyə Qran-Prisi 2027-ci ildən etibarən ən azı 5 il müddətinə Formula 1 təqviminə qayıdır. Daha əvvəl də yarışlara ev sahibliyi edən “İstanbul Park” yenidən elit pilotları və azarkeşləri İstanbula cəlb edərək şəhəri yüksək adrenalin və zəngin mədəniyyətin mərkəzinə çevirəcək.

Qlobal təqdimat aprelin 24-də İstanbulda keçirilib. Tədbir çərçivəsində Formula 1 bolidi şəhər küçələrində nümayiş olunub və rəsmi şəxslərin iştirakı ilə Türkiyə Qran-Prisinin geri dönüşü elan edilib.

Ümumilikdə 5,338 kilometrlik çətin trası ilə tanınan “İstanbul Park” pilotlar tərəfindən yüksək qiymətləndirilir. Yarışa gələn azarkeşlər isə eyni zamanda İstanbulun tarixi və turistik məkanlarını kəşf etmək imkanı əldə edəcəklər.

Formula 1 ötən mövsüm 180-dən çox ölkədə 827 milyondan artıq izləyiciyə çataraq dünyanın ən populyar idman yarışlarından biri olduğunu bir daha sübut edib.

Qeyd edək ki, sonuncu dəfə Türkiyə Qran-Prisi İstanbulda 2021-ci ilin oktyabrında keçirilib.

AZƏRTAC

Geri qayıt