Əsas Səhifə > Maraq > Alfonso Dominqes: "Mənim günüm deyildi"

Alfonso Dominqes: "Mənim günüm deyildi"


10-08-2024, 02:00


"Bu gün döyüşüm istədiyim kimi alımadı. Mənim günüm deyildi".

BrendSport.az
xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqes deyib.

92 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxan idmançı finaldakı rəqibi özbəkistanlı Lazizbek Mullojonov yaxşı təhlil etdiyini bildirib. O, sadəcə qurduğu taktikanın nəticə vermədiyini etiraf edib: "Rinqdə istədiklərim alınmadığı üçün uduzdum. Ona görə də qızıl medal qazana bilmədim. Rəqibim də çox güclü idi. Döyüşdə daha çox şey edəcəyimi düşünürdüm. Heyf ki, alınmadı. Rəqibim daha çox konsentrasiya olmuşdu və qalib gəldi. Döyüşdən əvvəl rəqibi təhlil etmişdim. Baxmayaraq ki, rəqib güclüdür öz taktikamı qurmuşdum. Amma nədənsə görüşüm istədiyim kimi alınmadı".

Artıq kolleksiyasında gümüş və bürünc mükafat olduğunu deyən Dominqes Los-Anceles-2028-də qızılla medal dəstini tamamlamaq arzusunda olduğunu da vurğulayıb: "Uduzmağıma görə hər hansı bəhanə ola bilməz. Heç vaxt bəhanələr axtarmamışam. Elə bir idmançıyam ki, uduzanda nəticəni olduğu kimi qəbul edirəm. Heç bir təzyiq yox idi. Əldə etdiyim nəticəni uğurlu sayıram. Tarix yazdım. Ardıcıl ikinci dəfə Olimpiadada medal qazanan boksçu oldum. Hər kəsə təşəkkür edirəm. Medala görə xoşbəxtəm, amma qızıl olmasını istəyirdim. Söz verirəm ki, Los-Anceles-2028-də çempionluq üçün çalışacağım. Əlbəttə, hamı qələbə qazanmaq istəyir. Mənim qismətimdə gümüş imiş. Finala kimi hər döyüşdən sonra Allaha şükür edirdim. Bu gün də məğlub olmağıma baxmayaraq, Tanrıya dua edəcəyəm ki, gümüş medal qazandım".

Qeyd edək ki, Fransa paytaxtında ikinci olan Alfonso Tokio-2020-də bürünc medal qazanmışdı.
Geri qayıt