Əsas Səhifə > Maraq > Fernandu Santuş Azərbaycan millisinin 7-ci əcnəbi baş məşqçisi olub

Fernandu Santuş Azərbaycan millisinin 7-ci əcnəbi baş məşqçisi olub


12-06-2024, 15:05


Fernandu Santuş futbol üzrə Azərbaycan milli komandasının 7-ci əcnəbi baş məşqçisi olub.

BrendSport.az
xəbər verir ki, ölkənin əsas yığmasının baş məşqçi postuna əcnəbi mütəxəssis axını 2004-cü ildən başlayıb.

Baş məşqçi postuna təyin olunan ilk əcnəbi braziliyalı Karlos Alberto Torres olub. 2004-2005-ci illər ərzində komandanı 18 matça çıxaran məşqçi cəmi iki qələbəyə sevinib. Onun rəhbərliyi altında 5 dəfə heç-heçə edən milli 11 məğlubiyyətə üzülüb.

Yığmanın baş məşqçi postunda növbəti əcnəbi 2007-ci ildə görünüb. Həmin vaxt Şahin Diniyevin istefasından sonra komanda müvəqqəti olaraq makedoniyalı Qyoko Hacıevskiyə tapşırılıb. Millini cəmi 3 oyuna çıxaran mütəxəssis bununların birində heç-heçə edib, ikisində isə uduzub.

2008-ci ildə isə AFFA almaniyalı Berti Foqtsu Azərbaycana dəvət edib. 2014-cü ilə qədər baş məşqçi postunda qalan mütəxəssis bu müddət ərzində komandanı 71 oyuna çıxarıb. 15 qələbə, 22 heç-heçə, 34 məğlubiyyətlə yadda qalan alman həm də millinin baş məşqçi postunda ən uzun müddət çalışan əcnəbidir.

2014-cü ildə yığmanın növbəti əcnəbi baş məşqçisi xorvatiyalı Robert Prosineçki olub. O komandanı meydana çıxardığı 23 oyunda 6 qələbə, eyni sayda heç-heçə və 11 məğlubiyyətlə yadda qalıb.

2017-ci ildə digər xorvatiyalı mütəxəssis Nikola Yurçeviç millinin “sükanı arxasına” keçib. Lakin komandanı cəmi 10 oyunda meydana çıxaran və 1 qələbə, 2 heç-heçə, 7 məğlubiyyətlə yadda qalan mütəxəssis bu vəzifədə cəmi 1 il çalışıb.

F.Santuşa qədər millinin son əcnəbi baş məşqçisi italiyalı Canni De Byazi olub. 2020-ci ildə böyük ümidlərlə dəvət edilən mütəxəssis 3 il ərzində komandanı 39 oyuna çıxarıb. O, 10 qələbə, 8 heç-heçə və 21 məğlubiyyətlə Azərbaycanı tərk edib.
Geri qayıt