Əsas Səhifə > Maraq > Azərbaycanın güləş yığmaları məsul yarışlara hazırlaşır
Azərbaycanın güləş yığmaları məsul yarışlara hazırlaşır10-06-2024, 18:39 |
Azərbaycanın güləş üzrə U-17 və U-20 milli komandaları təlim-məşq toplanışlarını davam etdirir. BrendSport.az xəbər verir ki, hər iki yığma müxtəlif məkanlarda təlim-məşq toplanışı keçir. İyunun 24-dən iyulun 7-dək Serbiyanın Novi Sad şəhərində U-17 və U-20 Avropa çempionatı keçiriləcək. Yeniyetmələrdən ibarət sərbəst güləş yığması iyunun 9-dan Xaçmaz Olimpiya İdman Kompleksində məskunlaşıb. Hazırlıq prosesi ayın 23-dək davam edəcək. Bu yaş qrupu üzrə yunan-Roma güləşi seçməsi iyunun 3-dən paytaxtda toplanışa start verib. Çalışmalara iyunun 19-da yekun vurulacaq. Qızlardan ibarət kollektiv də qitə birinciliyinə Bakıda hazırlaşır. Təlim-məşq toplanışı 9-24 iyun tarixlərini əhatə edir. Gənclərə gəlincə, sərbəst güləşçilər iyunun 2-dən Xaçmazdadır və ayın 12-dək Şimal bölgəsində məşqləri davam etdirəcək. Avropa çempionatı öncəsi son hazırlıq prosesi 16 iyundan 3 iyuladək Bakıda baş tutacaq. Mayın 22-dən iyunun 8-dək Göygöl Olimpiya İdman Kompleksində toplanış keçən gənc yunan-Roma güləşçilərimizin son hazırlıq prosesi 14-28 iyunda Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında təşkil ediləcək. Gənc qızlar da 16 iyun – 1 iyul tarixlərində Bakıda toplanış keçib, ardınca Novi Sada yollanacaqlar. Qadınlardan ibarət əsas komanda Macarıstana səfər edib. 10 günlük hazırlıq prosesi Tatada baş tutacaq. Ötən həftə həmin ölkədə keçirilmiş reytinq turnirində iştirak etmiş sərbəst güləşçilər isə artıq Vətənə qayıdıblar. Komanda iyunun 12-dən Olimpiadaya hazırlığın növbəti mərhələsinə start verəcək. Ayın 26-dək Göygöldə fiziki hazırlığın yaxşılaşdırılması məqsədilə toplanış həyata keçiriləcək. Yunan-Roma güləşçiləri də eyni məqsədlə Göygölə səfər edəcək. Bu komandanın toplanışı 14-26 iyunu əhatə edəcək. Geri qayıt |