Əsas Səhifə > Maraq > Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir


4-05-2024, 17:44


"Nəticəmizdən razıyıq. Düşünürəm ki, bundan da yaxşısını edə bilərdik. Öz üzərimizdə daha çox işləməliyik".

BrendSport.az
xəbər verir ki, bu sözləri Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda çoxnövçülük proqramında bürünc medal qazanan qrup hərəkətləri üzrə Azərbaycan komandasının üzvü Ləman Əlimuradova jurnalistlərə açıqlamasında deyib. O, əsas məqsədlərinin "Paris-2024"ə lisenziya qazanmaq olduğunu bildirib: "Bu turnirdən sonra Olimpiadaya lisenziya xarakterli Avropa çempionatına hazırlaşacağıq. Lisenziya qazanmaq üçün sona qədər mübarizə aparacağıq".

Komandanın digər üzvü Zeynəb Hümmətova isə Bakının mötəbər turnirlərə ev sahibliyi etməsinin sevindirici olduğunu söyləyib: "Doğma divarlar arasında yarışmaq insana zövq verir. Çıxışımız zamanı azarkeşlərin dəstəyini hiss edirdik. Onlar ortaya yaxşı nəticə qoymağımız üçün bizə motivasiya verirdilər. Belə yarışlarda mübarizə apara bildiyimiz üçün şadıq. Budəfəki Avropa Kubokunda fərdi proqramda yenilik edildi. Düşünürəm ki, bu gimnastlar arasında rəqabətin artmasına kömək edir. Ümid edirəm ki, qrup hərəkətləri üzrə komandalar üçün də belə yeniliklər olar".

Qeyd edək ki, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv 5 halqa, 3 lent və 2 top proqramlarında final mərhələsinə vəsiqə qazanıblar. Bu proqramlarda qaliblər turnirin sonuncu günündə - mayın 5-də müəyyənləşəcək.
Geri qayıt