Əsas Səhifə > Maraq > Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb25-04-2024, 18:23 |
Azərbaycanın üç cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında medal görüşünə çıxacaq. BrendSport.az xəbər verir ki, kişilərin mübarizəsində Balabəy Ağayev (60 kiloqram) qızıl mükafat uğrunda güləşəcək. O, yarımfinalda fransalı Sedrik Revola qalib gəlib. İdmançı həlledici görüşdə Fransisko Qarriqos (İspaniya) ilə üz-üzə gələcək. B.Ağayevin 1/4 finalda məğlub etdiyi digər Azərbaycan cüdoçusu Turan Bayramov (60 kiloqram) bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. O, türkiyəli Salih Yıldızı sınağa çəkəcək. Qadın cüdoçulardan isə Aydan Vəliyeva (52 kiloqram) 3-cü yer uğrunda görüşdə Reka Puppla (Macarıstan) görüşəcək. Bu gün mübarizəyə qoşulan digər Azərbaycan cüdoçuları - Yaşar Nəcəfov (66 kiloqram), Leyla Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva (52 kiloqram) və Açelya Toprak (57 kiloqram) isə yarışı medalsız başa vurublar. Qeyd edək ki, aprelin 27-dək davam edəcək Avropa çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu təmsil edir. Geri qayıt |