Əsas Səhifə > Maraq > Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram
Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram23-04-2024, 12:00 |
"Batut ölkəmizdə çox da populyar olmayan gimnastika növüdür. Hələ inkişaf yolundadır. Amma mən bu növ üzrə lisenziya qazanmağı bacardım. Uğuruma görə Azərbaycan Gimnastika Federasiyası, Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm". BrendSport.az xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanan batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova deyib. O bildirib ki, uzun zamandır bu hədəfə çatmaq üçün çalışırdı: "Axır ki, uşaqlıq arzuma nail oldum. Karyeram ərzində məşqçilərim məni Olimpiya Oyunlarına psixoloji olaraq hazırlayırdı. Lisenziya qazandığım gün məni ilk olaraq məşqçim təbrik etdi. Həmin an telefonuma çoxlu zənglər, mesajlar gəlirdi. Ailə üzvlərim, dostlarım, həmkarlarım zəng edib məni təbrik edirdilər. Ölkəmi layiqincə təmsil edəcəyimə inanıram. Azərbaycanın batut tarixində ilk lisenziyanı əldə etməyim də məni xüsusilə motivasiya edir". İdmançının sözlərinə görə, qrup hərəkətləri üzrə Azərbaycan komandası da “Paris-2024”ə lisenziyanı təmin edə bilər: "Hazırda qrup hərəkətləri komandamızın da lisenziya qazanmaq şansı var. Qarşıda onları müxtəlif beynəlxalq turnirlər gözləyir. Həmin yarışlarda qüvvələrini sınayaraq reytinq xallarını artıra bilərlər. Ümid edirəm ki, bunu bacaracaqlar". Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək təşkil olunacaq. Geri qayıt |