Əsas Səhifə > Maraq > Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib


20-04-2024, 12:00


Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib.

BrendSport.az
xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışda Azərbaycanla yanaşı, 41 ölkəni təmsil edən 129 idmançı fəxri kürsünün ən yüksək pilləsi uğrunda mübarizə aparır. Turnirdə Azərbaycanı ümumilikdə 8 gimnast təmsil edir.

İkinci gündə həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları gürzlər, lentlər və çoxnövçülük üzrə təsnifat yarışlarında bacarıqlarını sınayırlar. Çıxışların yekununda fərdi və qrup hərəkətləri proqramında qaliblərin adları müəyyənləşəcək. Gün qaliblərin mükafatlandırma mərasimi ilə başa çatacaq.

Yarışın ilk günü böyüklərdən ibarət fərdi proqramda millinin üzvləri Zöhrə Ağamirova və Kamilla Seyidzadə qüvvəsini sınayıb. Z.Ağamirovanın halqa ilə çıxışı hakimlər briqadası tərəfindən 33.650 xal ilə qiymətləndirilib. Topladığı xal ona 4-cü pillədə qərarlaşmağa və final mərhələsinə yüksəlməyə imkan verib. Kamilla Seyidzadə analoji olaraq həm halqa, həm də topla çıxışlarını nümayiş etdirib.

Böyüklərdən ibarət qrup hərəkətlərində millinin üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət komanda 5 halqa ilə çıxış edib. Onlar 36.550 xal qazanaraq 3-cü yerə layiq görülüblər. Bununla da həlledici mərhələdə iştirak hüququ qazanıblar.

Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq. Turnirə aprelin 21-də yekun vurulacaq.
Geri qayıt