Əsas Səhifə > Maraq > ICESCO: İdman inkişafın və sülhün təşviqində ən yaxşı vasitələrdən biridir

ICESCO: İdman inkişafın və sülhün təşviqində ən yaxşı vasitələrdən biridir


6-04-2024, 10:26


Hər il aprelin 6-da dünya ictimaiyyəti İnkişaf və Sülh naminə Beynəlxalq İdman Gününü qeyd edir. Cari ildə qlobal miqyasda icmalar arasında birgəyaşayış dəyərlərinin möhkəmləndirilməsində idman və fiziki fəaliyyətin roluna işıq salmaq məqsədilə bu əlamətdar gün “Sülhsevər və inklüziv cəmiyyətlərin təşviqi üçün idman” devizi altında qeyd olunur.

BrendSport.az
xəbər verir ki, təşkilat idmanın rolunun artırılmasına sadiqliyini bir daha bəyan edib.

ICESCO-nun müraciətində deyilir: “İdmanı sosial inteqrasiya, inkişaf, birgəyaşayış və sülh dəyərlərinin möhkəmlənməsində katalizator qismində görən təşkilatımız, həmçinin böhranlara tab gətirə bilən inklüziv icmaların qurulması üçün beynəlxalq ictimaiyyəti idmandan istifadə etmək istiqamətində səyləri birləşdirməyə çağırır”.

Müraciətdə vurğulanır ki, dialoqun, yaradıcılığın və beynəlxalq əməkdaşlığın təşviqində idmanın təsirli rolunu dərk edən ICESCO, həmçinin İctimai Dəyişiklik üçün İdman adlı təşəbbüsü, İdman Diplomatiyası Proqramını və İdmanda Beynəlxalq Gənclər Könüllüləri Proqramını həyata keçirməyə başlayıb. Bundan əlavə, qadınların idmanda iştirakının artırılmasının vacibliyini müzakirə etmək və qızları bu sahədə lider olmağa ruhlandırmaq məqsədilə ICESCO-nun İdmanda Qadınlar Forumu təşkil edilib.

Təşkilat diqqətə çatdırıb ki, Rabatda keçirilən ICESCO marafonunun son iki buraxılışında xüsusi ehtiyacı olan insanlar da daxil olmaqla, hər yaşdan olan mindən çox iştirakçı İslam dünyasında fiziki və ruhi sağlamlığı yaxşılaşdırmaq, firavanlığa nail olmaq məqsədilə idmana sərmayə qoymağın əhəmiyyətini vurğulayıb.

Bundan başqa, ICESCO-nun valideyn himayəsindən məhrum olmuş uşaqların reabilitasiyası üzrə həyata keçirdiyi futbol proqramı zorakılıqla mübarizə aparmaq və bu qəbildən olan azyaşlılar üçün təhlükəsiz mühit yaratmaq məqsədi daşıyır. Təşkilat hesab edir ki, idmandan istifadə edilməsi sosial bərabərsizliyi aradan qaldırmağa və uşaq hüquqlarını müdafiə etməyə şərait yaradır.
Geri qayıt