Əsas Səhifə > Maraq > “Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq


22-03-2024, 15:30


Azərbaycanın 3 cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində medal qazanmaq şansını davam etdirir.

BrendSport.az
xəbər verir ki, Balabəy Ağayev (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) bürünc medal uğrunda görüşə çıxacaqlar.

B.Ağayev yarımfinalda, digər iki idmançı isə 1/4 finalda rəqibinə məğlub olub.

Balabəy Ağayev üçüncü yer uğrunda görüşdə gürcüstanlı Giorgi Sardalaşvili ilə qarşılaşacaq. Sardalaşvili təsəlliverici dueldə millimizin digər üzvü Turan Bayramovu üstələyib. Ruslan Paşayev italiyalı Matteo Pirasla, Rəşad Yelkiyev isə braziliyalı Villian Lima ilə üz-üzə gələcək.

Turnirin ilk günündə mübarizə aparan qadın cüdoçular Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Acelya Toprak və Fidan Əlizadə (hər ikisi 57 kq) isə uğursuz nəticə göstəriblər.

Qeyd edək ki, martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə Azərbaycan millisi 9 çəki dərəsində 11 kişi, 4 qadın cüdoçu ilə yollanıb.
Geri qayıt