Əsas Səhifə > Maraq > "Qarabağ" üçün tanış rəqib, 32 oyundur uduzmayan "Bayer 04"
"Qarabağ" üçün tanış rəqib, 32 oyundur uduzmayan "Bayer 04"23-02-2024, 17:21 |
UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la qarşılaşacaq Almaniyanın "Bayer 04" klubu cari mövsümdə ikinci dəfə Azərbaycan çempionuna rəqib olub. BrendSport.az xəbər verir ki, "köhlən atlar" qrup mərhələsində Leverkuzen təmsilçisi ilə iki dəfə üz-üzə gəlib. III turun matçında səfərdə 1:5 hesabı ilə uduzan Ağdam klubu IV turda minimal fərqlə yenilib - 0:1. "Bayer 04"ün bütün turnirlər daxil olmaqla məğlubiyyətsiz oyunlar seriyası 32-yə (28 qələbə, 4 heç-heçə) çatıb. Xabi Alonsonun baş məşqçisi olduğu kollektiv hazırda 58 xalla Bundesliqada liderdir. Komanda ikinci sıradakı "Bavariya"nı 8 xal qabaqlayıb. "Bayer 04" klubu 1904-cü ildə qurulub. "Qırmızı-qaralar" Bundesliqada yalnız gümüş medallarla kifayətlənib. Komanda 1996/1997, 1998/1999, 1999/2000, 2001/2002 və 2010/2011 mövsümlərində çempionatı ikinci sırada bitirib. 1987/1988 mövsümündə UEFA Kubokunu (hazırkı Avropa Liqası) başı üzərinə qaldıran "Bayer 04" 1992/1993 mövsümündə ölkə kubokuna sahib çıxıb. Leverkuzen təmsilçisi tarixində bir dəfə UEFA Çempionlar Liqasında finala qədər irəliləməyə müvəffəq olub və 2001/2002 mövsümünün həlledici görüşündə İspaniya "Real"ına yenilib - 1:2. Qeyd edək ki, tərəflər arasındakı ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək. Geri qayıt |