Əsas Səhifə > Maraq > “Euronews” telekanalı Azərbaycanda keçirilən “Böyük Dəbilqə” turniri ilə bağlı süjet yayımlayıb
“Euronews” telekanalı Azərbaycanda keçirilən “Böyük Dəbilqə” turniri ilə bağlı süjet yayımlayıb18-02-2024, 12:44 |
“Euronews” telekanalı Azərbaycanda keçirilən “Böyük Dəbilqə” turniri ilə bağlı süjet yayımlayıb. Bu telekanalın saytında, həmçinin Azərbaycan idmançılarının uğurlu çıxışları barədə məqalə dərc olunub. BrendSport.az xəbər verir ki, məqalədə turnirin ikinci günündə iki qızıl medal qazanan Azərbaycan cüdoçularının uğurları vurğulanıb. Qeyd edilib ki, ölkəmizdə yapon döyüş sənətinə böyük maraq var. Telekanal diqqətə çatdırıb ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən dünya reytinqi lideri Hidayət Heydərov özünün dördüncü qızıl medalı və turnirdə üçüncü ardıcıl qələbəsi uğrunda mübarizədə cəld reaksiya göstərərək Tacikistan idmançısı Əbubəkr Şerova qalib gəlib. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev ona qızıl medalı təqdim edib. Məqalədə Hidayət Heydərovun qələbədən sonra söylədiyi fikirlər də yer alıb: “Artıq dördüncü dəfədir ki, “Böyük Dəbilqə”nin qalibi oluram. Uşaqlar məni çox sevirlər və inşallah onlara Olimpiya qızıl medalını gətirəcəyəm”. Materialda 63 kiloqram çəki dərəcəsində dünya reytinqində liderlik edən kanadalı idmançı Katrin Boşmen-Pinarın, digər idmançıların çıxışlarından da bəhs edilib. Sonda qeyd edilib ki, Bakıda “Vəd edirəm” bullinqi əleyhinə Azərbaycan Cüdo Federasiyası tərəfindən 4 min uşaq, yeniyetmə və idmançının iştirakı ilə kampaniya keçirilir. Geri qayıt |