Əsas Səhifə > Maraq > Azərbaycanın ikiqat Avropa çempionu: Heç bir görüşə özümdən razı şəkildə çıxmıram

Azərbaycanın ikiqat Avropa çempionu: Heç bir görüşə özümdən razı şəkildə çıxmıram


15-02-2024, 14:15


“Artıq ikinci dəfədir Avropa çempionu adına yiyələnirəm. Bu uğurların arxasında böyük əziyyət durur”.

BrendSport.az
xəbər verir ki, bu sözləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Həsrət Cəfərov Dünya Güləş Birliyinin (UWW) mətbuat xidmətinə açıqlamasında deyib.

67 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı məşqçilərin rəhbərliyi altında ciddi hazırlıq keçdiyini bildirib: “Turnirdən öncə Xorvatiyada yüksək səviyyəli təlim-məşq toplanışında iştirak etdik. Əziyyət çəkdik və bəhrəsini gördük. Qarşılaşdığım idmançıların titullu olması görüşlərin çətin keçməsinə səbəb oldu. Mən heç bir görüşə özümdən razı şəkildə çıxmıram. Çünki bunu bir idmançı kimi özümə yaraşdırmıram. Heç bir rəqibimi özümdən zəif hesab etmirəm”.

O, “Paris-2024” Yay Olimpiya Oyunlarına qədər daha bir yarışda mübarizə aparacağını deyib: “Dünya çempionatının finalında kubalı güləşçiyə məğlub oldum. Həmin görüşdə bəzi səhvlərə yol verdim. Amma səhvlərimin üzərində işlədim. Ümid edirəm ki, növbəti yarışlarda daha yaxşı çıxış edəcəyik”.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar. Millinin digər yunan-Roma güləşçilərindən Nihad Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram) qızıl, Ülvü Qənizadə (72 kiloqram), Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) isə bürünc medalın sahibi olub. Yığma bu göstərici ilə Avropa çempionatında komanda hesabında ikinci yeri tutub.
Geri qayıt