Əsas Səhifə > Maraq > Bölgə gimnastları Bakıda növbəti təlim-məşq toplanışına başlayıblar
Bölgə gimnastları Bakıda növbəti təlim-məşq toplanışına başlayıblar8-02-2024, 12:58 |
Milli Gimnastika Arenasının məşq zalı bu dəfə Goranboy Olimpiya Kompleksi və Sumqayıt Olimpiya İdman Kompleksini təmsil edən bədii gimnastların ixtiyarına verilib. BrendSport.az xəbər verir ki, bir həftəlik hazırlığın əsas məqsədi regionlarda gimnastikanın inkişaf etdirilməsi, idmançıların fiziki cəhətdən yerli və beynəlxalq yarışlara hazırlıqlarının gücləndirilməsidir. 10 gimnastın iştirakı ilə təşkil olunan təlimlərdə gənc idmançılar təcrübəli məşqçilərin rəhbərliyi altında gürzlər, top, halqa, lentlərlə müxtəlif gimnastika və rəqs hərəkətlərini yerinə yetiriblər. Goranboyda bədii gimnastika üzrə məşqçi kimi fəaliyyət göstərən Şəms Soltanova bildirib ki, hazırda 2013-2015-ci il təvəllüdlü idmançılar burada təlim-məşqlərə qoşulub. Sumqayıt Olimpiya İdman Kompleksinin məşqçisi Fatimə Qurbanova isə təlimlərin müxtəlif kombinasiyalarda çıxış edən idmançılar üçün əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, 2011-2016-cı il təvəllüdlü gimnastlar yüksək təcrübəyə malik peşəkarların tapşırıqlarını yerinə yetirirlər. Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi bu layihə təkcə Bakıdan mütəxəssislərin rayonlara səfərləri və master-klasların təşkilini deyil, həm də ölkənin müxtəlif bölgələrindən perspektivli idmançıların paytaxta toplanışa dəvət olunmasını nəzərdə tutur.Gimnastikanın inkişafı çərçivəsində bölgə gimnastları mütəmadi olaraq Bakıda keçirilən təlim-məşq toplanışlarında iştirak edirlər. Bundan əvvəl Gəncə, Zirə, Naxçıvan, Masallı, Lənkəran, Mingəçevir, Kürdəmir, Şirvan, Qax və Zaqatala Olimpiya İdman Komplekslərinin bədii gimnastları Milli Gimnastika Arenasının qonağı olublar. Qeyd edək ki, bədii gimnastika bölmələri Goranboy Olimpiya Kompleksi 2022-ci, Sumqayıt Olimpiya İdman Kompleksində isə 2011-ci ildən fəaliyyət göstərir. Geri qayıt |