Əsas Səhifə > Maraq > Azərbaycan Stronqmen Federasiyası dünya çempionatında yüksək nəticələrə imza atıb
Azərbaycan Stronqmen Federasiyası dünya çempionatında yüksək nəticələrə imza atıb19-12-2023, 17:30 |
Dekabrın 16-17-də Rusiyanın paytaxtı Moskvada pauerliftinqin benç press növü üzrə 9-cu dünya çempionatı keçirilib. BrendSport.az xəbər verir ki, yarışda ölkəmiz də təmsil olunub. ASF prezidenti Bəxtiyar Quliyev (110 kiloqram) uzun fasilədən sonra beynəlxalq arenada “deadlift” hərəkəti üzrə 40-49 yaş kateqoriyasında 290 kiloqram çəkinin öhdəsindən gələrək qızıl medal qazanıb. Bu, B.Quliyevin idman karyerasında doqquzuncu dünya çempionluğu olub. Federasiyanın vitse-prezidenti Raif Süleymanov (90 kiloqram) isə eyni hərəkət üzrə 252.2 kiloqramı ram edərək bütün rəqiblərini üstələyib və dördüncü dəfə öz çəkisində dünyanın ən güclüsü olub. Digər vitse-prezident Namiq Cəfərov güc idman növlərindən olan “strict curl” hərəkətində 40-49 yaş kateqoriyasında 74 kiloqram çəkini qaldıraraq həm qalib olub, həm də dünya rekorduna imza atıb. Azərbaycan Stronqmen Federasiyasının üzvü Nicat Hüseynov (100 kiloqram) “deadlift” hərəkətində 310 kiloqram göstərici ilə dünya rekordunu yeniləyərək qızıl medala layiq görülüb. O, “strict curl” hərəkəti üzrə isə 82.5 kiloqram çəkini qaldıraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. N.Hüseynov öz çəkisində “strict curl” üzrə Azərbaycanın ilk dünya çempionudur. Tural Ağayev (100 kiloqram) eyni növ üzrə 40-49 yaş kateqoriyasında 82.5 kiloqramın öhdəsindən gəlməklə mundialın qalibi olub. Finyaz Əlisultanov (75 kiloqram) isə bu kateqoriyada 70 kiloqram çəkini ram edərək ikinci yeri tutub. 75 kiloqram çəkidə yarışan Rövşən Xəlilov bütün rəqiblərini ciddi fərqlə geridə qoyaraq ilk pillənin sahibi olub. O, ümumilikdə 707.5 kiloqram (“squat” hərəkətində 245 kiloqram, “deadlift” hərəkətində 292.5 kiloqram, benç press hərəkətində 170 kiloqram), iki hərəkətin (benç press və deadlift) cəmində isə 462.5 kiloqram (benç press, deadlift) nəticə ilə iki qızıl medal əldə edib. Yarışda İlkin Namazov (+125 kiloqram) yeniyetmələr arasında “armlifting” hərəkəti üzrə 79 kiloqramı dartaraq dünya çempionu adını qazanıb. Federasiyanın ən gənc üzvü 16 yaşlı Mehdi Hacızadə (56 kiloqram) isə “deadlift” hərəkətində 185 kiloqram çəkini asanlıqla ram edərək yarışın mütləq qalibi olmaqla yanaşı, həm də yaşıdları arasında dünya rekordunu yeniləyib. Geri qayıt |