Əsas Səhifə > Maraq > Las-Veqas 1982-ci ildən sonra ilk dəfə F1-ə ev sahibliyi edəcək

Las-Veqas 1982-ci ildən sonra ilk dəfə F1-ə ev sahibliyi edəcək


17-11-2023, 13:00


2023-cü il mövsümünün “Formula 1” maşınları kateqoriyasında avtomobil yürüşləri üzrə dünya çempionatının 21-ci mərhələsi – Las-Veqas Qran-Prisi cümə günü start götürəcək.

BrendSport.az
xəbər verir ki, yarışlar şəhər trasında keçiriləcək.

Çempionatda intriqalar o qədər də çox deyil. “Mersedes” komandasından yeddiqat dünya çempionu Luis Hemilton qalan iki yürüşdə ikinci yer uğrunda mübarizədə “Red Bull”un meksikalı pilotu Serxio Peresə çatmağa çalışacaq. İndi onların arasında 32 xal fərq var. Dördüncü yer uğrunda ispaniyalı Fernando Alonso (“Aston Martin”), britaniyalı Lando Norris (“McLaren”) və daha bir ispan Karlos Sayns-kiçik (“Ferrari”) arasında mübarizə isə daha gərgin olacaq. Onları cəmi 6 xal ayırır. Konstruktorlar Kubokunda, həmçinin komandalar arasında ikinci və dördüncü yerlər uğrunda mübarizə gedir: ikinci yerdə qərarlaşan “Mersedes” rəqibi “Ferrari”dən 20 xal irəlidədir, dördüncü mövqeyi tutan “McLaren” isə “Aston Martin” komandasını 21 xal qabaqlayır.

Las-Veqas (Nevada ştatı) 1981-1982-ci illərdə Formula 1 mərhələlərinə ev sahibliyi edib. Həmin vaxt yürüşlər “Caesars Palace” otelinin parkinq meydanından başlayırdı. İndiki tras da şəhərin mərkəzində yerləşir və çempionatda uzunluğuna görə Belçika Qran-Prisindən sonra ikincidir-6 201 metr. Pilotlar dairə məsafəsinin 78 faizini sürət pedalına tam basaraq qət edəcəklər. Tras 11 sol və 6 sağ olmaqla, cəmi 17 döngədən ibarətdir. Təqribən ikikilometrlik düz xətdə bolidlər saatda 350 kilometr və daha çox sürətlə hərəkət edəcək. Yarışlar Amerika vaxtı ilə gecə - süni işıqlandırma ilə keçiriləcək.

Las-Veqas Qran-Prisi bu mövsümdə ABŞ-da keçiriləcək üçüncü Formula 1 mərhələsi olacaq. Bundan əvvəl yürüşlər Mayami (Florida ştatı) və Ostində (Texas ştatı) olub.
Geri qayıt