Əsas Səhifə > Maraq > Bakıda taekvondo üzrə “Koreya səfiri kuboku”nun açılış mərasimi keçirilib

Bakıda taekvondo üzrə “Koreya səfiri kuboku”nun açılış mərasimi keçirilib


13-10-2023, 22:08



Azərbaycan Taekvondo Federasiyası (ATF) və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə gənclər arasında taekvondo üzrə “Koreya səfiri kuboku” turnirinin açılış mərasimi keçirilib.

BrendSport.az
xəbər verir ki, tədbirdə ATF-in vitse-prezidentləri - Hikmət Səmədov, Nağı Səfərov və Niyaməddin Paşayev, qurumun baş katibi Rüstəm Bağırlı, Cənubi Koreyanın Azərbaycandakı səfiri Li İn-Yonq, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdir müavini Nicat Həsənov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Dənyar Teymurlu iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi giriş sözü ilə açan Hikmət Səmədov bütün qonaqları salamlayaraq, Prezident İlham Əliyevin bədən tərbiyəsi və idmanın inkişafı sahəsində gördüyü genişmiqyaslı işlərin Azərbaycanı dünyaya idman ənənələri olan ölkə kimi tanıtdığını bildirib: “Ölkəmiz bir çox beynəlxalq əhəmiyyətli yarışlarda, o cümlədən taekvondo üzrə dünya çempionatına uğurla ev sahibliyi edib. İdmançılarımız müxtəlif yarışlarda ölkəmizi şərəflə təmsil edir və Azərbaycanın idman şöhrətini artırırlar. Sevindirici haldır ki, ölkəmizdə keçirilən “Koreya səfiri kuboku” ənənəvi hal alıb. Əminəm ki, 150-dək idmançının 10 çəki dərəcəsində qüvvəsini sınayacağı builki yarışlar maraqlı idman mübarizəsi şəraitində keçəcək”.

Daha sonra çıxış edən səfir Li İn-Yonq turnirin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etdiyini vurğulayıb: “Azərbaycan taekvondo üzrə bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib. Burada çox güclü taekvondoçular yetişir. Bununla da Azərbaycan dünyada taekvondo idmanının inkişafına xüsusi töhfə verir. Bu cür tədbirin məhz Bakıda keçirilməsindən məmnunuq. Bütün iştirakçılara uğurlar arzu edirəm”.

Sonda Nicat Həsənov Gənclər və İdman Nazirliyi adından bütün iştirakçılara uğurlar arzuladığını bildirib: “Koreya səfiri kuboku” ölkəmizdə ənənəvi olaraq keçirilir. Digər idman növləri kimi taekvondonun inkişafı istiqamətində də bir sıra işlər görülür. Bunun bariz nümunəsi olaraq ölkəmizdə güclü taekvondoçular var. İnanıram ki, idmançılarımız uğurlu nəticələr qazanaraq, ölkəmizi yüksək səviyyədə təmsil edəcəklər”.

Rəsmi çıxışlardan sonra “Koreya səfiri kuboku” turniri açıq elan edilib.
Geri qayıt