Əsas Səhifə > Maraq > Musa Qurbanlı: “Üzərimdə heç bir təzyiq hiss etmirəm”

Musa Qurbanlı: “Üzərimdə heç bir təzyiq hiss etmirəm”


25-09-2023, 13:00


“Üzərimdə heç bir təzyiq hiss etmirəm”.

BrendSport.az
xəbər verir ki, bunu İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı “expressen.se” saytına müsahibəsində deyib.

Yay transfer dönəmində “Qarabağ”dan ayrılan 21 yaşlı hücumçu ölkə çempionatında meydana çıxdığı 7 oyunda cəmi 2 qol vurmasına görə ciddi narahatlıq keçirmir. O, daha yaxşısını etməyə çalışdığını söyləyib: “Bilirəm ki, insanlar özlərinə təzyiq göstərməyə çalışırlar. Ancaq mən, sadəcə, öz işimi görürəm. Burada əlimdən gələni edirəm. Bilsəm ki, daha çoxunu verə bilərdim, oyunlarda bundan çox qaçardım”.

Buna baxmayaraq, Azərbaycan millisinin üzvü oyununu yaxşılaşdırmalı olduğunu etiraf edib: “Əminəm ki, bunu bacaracağam. Hücumçu olduğum üçün qol vurmalı və məhsuldar ötürmələr verməliyəm. Matçlardan əvvəl bacardığım qədər hazırlaşıram. Nə qədər çox oynasam, performansım bir o qədər yaxşılaşacaq. İsveç futboluna öyrəşirəm. Söhbət təkcə meydanda sərgilənən 90 dəqiqədən getmir. Yaşamaq, yemək, yatmaq, məşq etmək də bura aiddir. Doğru yolda davam etsəm, hədəflərimə çatacağam”.

M.Qurbanlı qol imkanlarından yararlanmamağın onda ruh düşkünlüyü yaratdığını gizlətməyib: “Bütün hücumçularda belədir. Qol vurduqca özünəinam artır, vurmayanda bir qədər aşağı düşür. Bu, normaldır. İki həftə əvvəl 2 qol vuranda özünəinam yüksək idi. Son matçlarda qol vurmamağım buna mənfi təsir göstərir”.

Qeyd edək ki, Musa Qurbanlının “Yurqorden”lə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Geri qayıt