Əsas Səhifə > Maraq > İspaniya futbolunun rəhbəri qalmaqaldan sonra vəzifəsini tərk edəcək
İspaniya futbolunun rəhbəri qalmaqaldan sonra vəzifəsini tərk edəcək11-09-2023, 08:00 |
İspaniya Kral Futbol Federasiyasının müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılan rəhbəri Luis Rubiales tutduğu postu tərk etmək qərarına gəlib. BrendSport.az xəbər verir ki, o, bu barədə Pirs Morqana müsahibəsində bildirib. “Bəli, mən istefa verirəm. Çünki işimi davam etdirə bilmirəm”, - Rubiales deyib. Həmçinin Rubiales mediaya yaydığı açıqlamada Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) vitse-prezidenti vəzifəsindən də istefa verdiyini bildirib. “Bu gün saat 21:30-da istefa ərizəmi federasiya prezidenti vəzifəsini icra edən Pedro Roçeya təqdim etdim. Mən də UEFA-nın vitse-prezidenti vəzifəsindən istefa verdiyimi ona bildirdim ki, məni əvəz etsinlər. FİFA tərəfindən vəzifəmdən kənarlaşdırıldıqdan, eləcə də mənə qarşı aparılan digər proseslərdən sonra bəlli oldu ki, vəzifəmə qayıda bilməyəcəm”. Avqustun 20-də İspaniya yığması İngiltərə yığmasını məğlub edərək (1:0) ilk dəfə qadınlar arasında dünya çempionatının qalibi olub. Mükafatlandırma mərasimində Rubiales medalı komandanın oyunçusu Hennifer Hermosoya taxıb və futbolçunun dodaqlarından öpüb. Avqustun 26-da Beynəlxalq Futbol Federasiyasının nizam-intizam komitəsi Rubialesin İspaniya Kral Futbol Federasiyasının prezidenti vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılması barədə qərar qəbul edib. Hermoso Rubialesə qarşı prokurorluğa şikayət edib. Sentyabrın 8-də İspaniya prokurorluğu cinayət işi açıb. İspaniyanın “Relevo” portalı Rubialesin İspaniya Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinsi təcavüzdə ittiham edildiyini yazıb. Məhkəmə funksionerin təqsirli olduğunu sübut edərsə, o, bir ildən dörd ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Geri qayıt |