Əsas Səhifə > Maraq > Braziliyalı futbolçu: "Azərbaycan Premyer Liqası Ukrayna çempionatına daha yaxındır"
Braziliyalı futbolçu: "Azərbaycan Premyer Liqası Ukrayna çempionatına daha yaxındır"31-08-2023, 16:00 |
"Premyer Liqanız Ukrayna çempionatına daha yaxındır". BrendSport.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Vanderson Melo klubun rəsmi saytına müsahibəsində deyib. 29 yaşlı yarımmüdafiəçi komandaya və ölkəyə tam uyğunlaşdığını bildirib. Braziliyalı buraya gələnə qədər Ukrayna və Belarusda da çıxış etdiyini xatırladıb: "Rus dilində də qismən danışıram, bu da çox köməyimə çatır. Kollektivdə İqor Ribeyro və Nuno Rodrigeslə daha çox ünsiyyət qururam. Onlar portuqal dilində danışırlar. Burada darıxmıram". Oyunçu "Sumqayıt"la heç-heçə (1:1) etdikləri IV turun matçına da toxunub: "Birinci hissədə yaxşı oynamadıq. Fasilədən sonra toparlandıq, məşqlərdə, eləcə də oyundan əvvəl baş məşqçinin bizdən istədiyini meydanda tətbiq etməyə çalışdıq. Yəni ikinci hissədə oyunumuzu nümayiş etdirməyi bacardıq". Vanderson komandanın yeni qurulduğunu diqqətə çatdırıb: "İndiyədək Premyer Liqada 4 oyun keçirmişik. Hətta elə alındı ki, gecə yol gəlib, səhər meydana çıxan futbolçumuz oldu. Buna görə də uyğunlaşma üçün vaxta ehtiyac var. Demək olar ki, heyətimizin 90 faizi yenidir. Amma arxada qalan 4 görüşü təhlil etsək, “Qarabağ”a qarşı daha yaxşı oynadığımızı deyə bilərəm. İlk matçımız da pis alınmadı. Fərqlənmək üçün epizodlarımız oldu. Təəssüf ki, hər iki qarşılaşmada uğur qazana bilmədik. Uyğunlaşma prosesini tez keçsək, nəticələrimiz yaxşılaşacaq". Yarımmüdafiəçi V turda “Kəpəz”lə oyunun maraqlı keçəcəyini vurğulayıb: "Onlar da xoş təsir bağışlayırlar. Məncə, ilk mini finalımız olacaq. Bilirsiniz ki, turnir cədvəlində 4 komandanın 4 xalı var. Bu baxımdan oyunu final hesab etmək olar. Qələbə qazanan bir addım önə keçəcək. Ciddi hazırlaşırıq, baş məşqçinin dediklərini düzgün etməyə çalışırıq ki, yekunda yaxşı nəticə qazanaq. Həm də bu, Bakıdan kənarda keçirəcəyimiz ilk matç olacaq". O, son olaraq çempionatın maraqlı keçdiyini söyləyib: "İstər turnir cədvəlinə baxsaq, istərsə də oyunlara diqqət yetirsək, gərgin mübarizənin getdiyini görürük. Bütün komandalar meydana qələbə qazanmaq məqsədilə çıxırlar. Bu, yaxşı haldır. Hazırda bizim komandada uyğunlaşma prosesi gedir. Futbolçuların uyğunlaşması başa çatdıqdan sonra daha yaxşı oynayacaq, uğurlu nəticələrimizlə sevindirəcəyik". Geri qayıt |