Əsas Səhifə > Maraq > UEFA reytinqi: Azərbaycan daha yarım xal qazanıb, Türkiyə ilk “10-luğ”a daxil olub

UEFA reytinqi: Azərbaycan daha yarım xal qazanıb, Türkiyə ilk “10-luğ”a daxil olub


11-08-2023, 09:15


“Qarabağ” və “Sabah”ın avrokubokların III təsnifat mərhələsində uğurlu çıxışları Azərbaycana UEFA reytinqində daha yarım xal qazandırıb.

BrendSport.az
xəbər verir ki, komandalar evdə keçirdikləri ilk oyunda qələbə qazanaraq, ölkə reytinqinə hərəyə 0,250 xal yazdırıblar.

“Qarabağ” Avropa Liqası çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Finlandiyanın HİK klubunu 2:1, “Sabah” isə “Bank Respublika Arena”da Konfrans Liqası matçında Serbiya “Partizan”ını 2:0 hesabı ilə məğlub edib.

Bununla ölkənin cari mövsümdəki xalları 2,000 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,250-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya ilə aradakı fərq cəmi 0,250 əmsala bərabərdir.

Azərbaycanın digər təmsilçisi “Neftçi” Konfrans Liqasında Türkiyə “Beşiktaş”ına öz meydanında 1:3 hesabı ilə uduzub.

Türkiyənin avrokuboklardakı təmsilçilərinin hamısının ("Qalatasaray", “Beşiktaş”, “Fənərbağça”, “Adana Dəmirspor”) qələbə qazanması ölkənin UEFA reytinqində 10-cu pilləyə yüksəlməsinə (29,350 əmsal) yol açıb.

Baş tutan qarşılaşmalar Türkiyə ilə yanaşı, Norveç, Yunanıstan, Macarıstan, Qazaxıstan və Şimali Makedoniyanın irəliləməsinə, Avstriya, İsveçrə, Ukrayna, Xorvatiya, Rusiya, Finlandiya, Kosovo, Lixtenşteyn, Andorra və Uelsin isə geriləməsinə səbəb olub.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədə qərarlaşıb.
Geri qayıt