Əsas Səhifə > Maraq > “Qarabağ” klubu UEFA Çempionlar Liqasında böyük hesablı qələbə ilə mərhələ adlayıb
“Qarabağ” klubu UEFA Çempionlar Liqasında böyük hesablı qələbə ilə mərhələ adlayıb19-07-2023, 21:55 |
İyulun 19-da Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda qələbə qazanıb. BrendSport.az xəbər verir ki, Ağdam təmsilçisi Bakı Olimpiya Stadionunda “Linkoln”u (Cəbəllütariq) qəbul edib. Albaniyalı baş hakim Eldorjan Hamitinin idarə etdiyi matçda “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Marko Veşoviç, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Yassin Benzia, Leandro Andrade, Abdullah Zubir və Redon Cica yer alıblar. “Linkoln”un heyətində isə meydana Deyl Kolinq, Bernardu Lopeş, Con Sarcent, Nano, İbrahim Ayu, Mandi, Mustafa Yahaya, Liam Uoker, İtan Britto, Kike Qomes və Li Kasyaro çıxıblar. Oyunun 7-ci dəqiqəsində “Qarabağ” klubu hesabı açıb. Abdullah Zubir adını tabloya yazdırıb. Birinci hissəyə əlavə olunmuş vaxtda Azərbaycan çempionu yenidən rəqib qapısına yol tapıb. Bu dəfə Bəhlul Mustafazadə hesab arasındakı fərqi artırıb. Ağdam təmsilçisi fasiləyə üstün yollanıb – 2:0. “Qarabağ” ikinci hissəyə də üstün başlayıb. Görüşün 49-cu dəqiqəsində “Qarabağ”ın hücumçusu Redon Cica rəqibi meydanın mərkəzinə dəvət edib. Matçın 62-ci dəqiqəsində Marko Yankoviç Ağdam təmsilçisinin dördüncü topunu “Linkoln”un qapısından keçirib. Beləliklə, görüş “Qarabağ”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında iyulun 11-də “Viktoriya” stadionunda oynanılan ilk matçda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb. İki oyunun nəticəsinə görə, “Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib. Komandamızın növbəti rəqibi Polşa çempionu “Rakuv” olacaq. Polşa klubu birinci mərhələdə Estoniyanın “Flora” komandasından üstün olub – 0:1, 3:0. Geri qayıt |