Əsas Səhifə > Maraq > Üç güləşçimiz Avropa çempionatının finalına yüksəlib
Üç güləşçimiz Avropa çempionatının finalına yüksəlib26-06-2023, 23:00 |
İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı start götürüb. BrendSport.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıb. Martda 60 kq-da U-23 Avropa çempionatının qalibi olan Elmir Əliyev (55 kq) çətinlik çəkmədən finala yüksəlib. Əliyev sırayla ispaniyalı Xames Kastano (9:0), fransalı İliyan Aynau (7:0), türkiyəli Muhammet Emin Çakır (10:1) və ermənistanlı Homeros Arakelyan (8:0) üzərində böyükhesablı qələbə qazanıb. Elmir finalda ukraynalı Marko Voloşinlə güləşəcək. Fəraim Mustafayev (63 kq) bolqarıstanlı Xristiyan İvanova 9:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, ermənistanlı Yurik Hoveyanla gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılıb - 5:8. Rəqib finaladək irəlilədiyi üçün milli üzvü təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Mustafayevin rəqibi çexiyalı Matous Yankeviç olacaq. Etibar Rzayev (87 kq) ilk mərhələdə finlandiyalı Elias Liiskiyə 2:1 hesabıyla qalib gəlsə də, 1/8 finalda rumıniyalı Patrik Qordanla bacarmayıb - 2:9. Davud Məmmədov (77 kq) 1/8 finalda ermənistanlı Vahe Hovannisyana şans tanımayıb - 7:1. Məmmədov növbəti mərhələdə ukraynalı Ruslan Abdiyevdən güclü olub - 4:2. Davud yarımfinalda bolqarıstanlı Martin Dimitrovu da üstələyərək (7:1) adını Avropa çempionatının finalına yazdırıb. Pəhləvanımız həlledici görüşdə rumıniyalı Aleksandru Soloveylə qarşılaşacaq. Mübarizəyə 1/4 finaldan qoşulan Məzaim Mərdanov (130 kq) yunanıstanlı Axilles Xrisidisə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Estoniyalı Eerik Pankla görüş dramatik alınıb. 0:7 hesabıyla geri düşən Şəmkir güləş məktəbinin yetirməsi əsl əzmkarlıq nümayiş etdirərək yekunda 8:7 hesablı qələbə qazanıb. Məzaim finalda macarıstanlı Laşlo Darabosla mübarizə aparacaq. Geri qayıt |