Əsas Səhifə > Maraq > “Baku Open-2023”: Şahmatçımız Məhəmməd Muradlı liderlər qrupuna yüksəlib
“Baku Open-2023”: Şahmatçımız Məhəmməd Muradlı liderlər qrupuna yüksəlib11-05-2023, 13:08 |
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Baku Open-2023” beynəlxalq şahmat festivalında yeddinci turun görüşləri yekunlaşıb. BrendSport.az xəbər verir ki, C qrupunda 7 turdan sonra təmsilçimiz Şəmsi Qaraxanov ilk pillədə qərarlaşıb. Onunla eyni xala malik Türkiyə şahmatçısı Ayaz Zeyrek əlavə əmsallara görə ikinci yerdədir. Hesabında 6 xalı olan şahmatçılarımız Hüseyn Qurbanov, Əhməd Hüseynov, Suat İbrahimli, eləcə də özbək Afruzbek Sobirov və həmyerlimiz Məmməd Məmmədzadə 3-7-ci yerlərdi bölüşürlər. B qrupunda ilk pillələrdə Azərbaycan şahmatçıları yer alıb. Hərəyə 6,5 xal toplayan Eldar Musayev və Elcan Əbdülkərimli 1-2-ci yerdədirlər. Aktivində 6 xalı olan Gürcüstan şahmatçısı Akaki Qaliçava digər həmkarları ilə birgə 3-7-ci pillədə qərarlaşıblar. A qrupunda liderlik uğrunda gərgin mübarizə davam edir. Gürcüstan şahmatçısı Tornike Sanikedze 6 xalla bütün həmkarlarını qabaqlayır. Hindistanlı Leon Mendonca və şahmatçımız Məhəmməd Muradlı (hərəyə 5,5 xal) liderdən yarım xal geri qalır. Xatırladaq ki, əsas turnirdə 23 ölkədən 140 şahmatçı iştirak edir. Festivalın mükafat fondu 55 min ABŞ dolları təşkil edir. Geri qayıt |