Əsas Səhifə > Maraq > Azərbaycan ilk dəfə cüdo üzrə Avropa kuboku turnirinə ev sahibliyi edəcək
Azərbaycan ilk dəfə cüdo üzrə Avropa kuboku turnirinə ev sahibliyi edəcək3-05-2023, 14:00 |
Mayın 6-7-də Göygöldə ilk dəfə yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turniri keçiriləcək. Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqvimində yer alan turnirə 19 ölkədən 300-ə yaxın idmançı qatılacaq. BrendSport.az xəbər verir ki, EJU-nun rəsmi səhifəsində turnirlə bağlı məqalə yer alıb. Məqalədə bildirilir ki, Azərbaycan Cüdo Federasiyası yeniyetmələrin inkişafına xüsusi diqqət ayırır və nəticədə yüksək rəqabətli komanda yaranıb: “Azərbaycan komandası həm oğlanların, həm də qızların Avropa turu silsiləsinə daxil olan yarışlarda nəzərə çarpan nəticə əldə edib. Belə ki, aprelin əvvəlində Çexiyada keçirilən Avropa kuboku yarışında Azərbaycan yığması 6 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Eyni ilə, komanda martda Zaqrebdə baş tutan analoji turnirdə də əlamətdar nəticə əldə edib”. Müəllif qeyd edir ki, Göygöldəki yarışda Azərbaycan yığmasının öz azarkeşlərinə unudulmaz anlar bəxş edəcəyi indidən bəllidir. Daha sonra Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədlinin tək böyüklər arasında deyil, həm də gənclər və yeniyetmələr arasında yarışlarda Azərbaycan millisinin yanında olduğu və bu yarışın ölkəmizdə təşkil edilməsindən böyük məmnunluq duyduğu qeyd edilir. “Olimpiya çempionu və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi mən çox şadam ki, ölkəmiz Göygöldə yeniyetmələr arasında Avropa kuboku yarışına ev sahibliyi edəcək. Bu tədbir gənc idmançılara öz bacarıqlarını nümayiş etdirmək və yüksək səviyyədə yarışmaq üçün gözəl imkan yaratmaqla yanaşı, həm onlara öz azarkeşləri qarşısında özlərini sübut etməyə imkan verir və bu da əvəzolunmaz təcrübədir. Əlavə olaraq onu da qeyd edim ki, yarış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilib. Göygöldə belə bir mötəbər yarışın keçirilməsi Ulu Öndərin müəyyən etdiyi tərəqqi yolunda güclü və çiçəklənən Azərbaycan üçün idmanın və bədən tərbiyəsinin inkişafına yaxından diqqət göstərilməsi vəzifəsinin yerinə yetirilməsinə və ölkəmizin beynəlxalq aləmdə güclü idman ölkəsi kimi tanıdılması baxışına sadiqliyimizi göstərir. Həmçinin turnirin Göygöldə keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin idmanın regionlarda kütləvləşdirilməsi ilə bağlı verdiyi istiqamətə və tapşırıqlara uyğundur. Dövlətimizin başçısı idmanın sağlam həyat tərzi, milli qürurun və beynəlxalq əməkdaşlığın təşviqi üçün güclü vasitə olduğunu dəfələrlə bəyan edib. Buna görə də bizim üçün belə bir turnirin təşkili böyük şərəfdir və tədbirin ən yüksək səviyyədə təşkili üçün Azərbaycan Cüdo Federasiyası olaraq əlimizdən gələni edəcəyik. Avropanın hər bir yerindən yeniyetmə cüdoçuların ölkəmizə gəlməsini səbirsizliklə gözləyirik”, - deyə E.Məmmədli EJU-nun saytına verdiyi müsahibəsində bildirib. Geri qayıt |