Əsas Səhifə > Maraq > Dünyanın ən perspektivli gəncləri açıqlanıb: Azərbaycan Premyer Liqasında 19 belə futbolçuya şans verilib

Dünyanın ən perspektivli gəncləri açıqlanıb: Azərbaycan Premyer Liqasında 19 belə futbolçuya şans verilib


1-05-2023, 15:30


Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın ən perspektivli 200 gənc futbolçusunun siyahısını dərc edib.

BrendSport.az xəbər verir ki , hər mövqe üzrə ən yaxşılarla bağlı araşdırma 75 çempionat arasında aparılıb.

CIES 20 yaşadək futbolçular arasında son 365 gün ərzində ən çox rəsmi matçda iştirak edənlərə üstünlük verib. İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Pablo Qavi bu baxımdan ən reytinqli oyunçudur.

Azərbaycandan heç kimin düşmədiyi siyahıda Türkiyənin cəmi bir futbolçusuna yer verilib. Bu, “Fənərbağça”nın yarımmüdafiəçisi Arda Gülerdir. O, dünyanın ən perspektivli 17-ci hücumameyilli oyunçusu hesab edilib.

Hər mövqe üzrə ən perspektivli futbolçular:

Qapıçı: Plamen Andreyev (“Levski”, Bolqarıstan)

Mərkəz müdafiəçisi: Antonio Silva (“Benfika”, Portuqaliya)

Sol cinah müdafiəçisi: Alexandro Balde (“Barselona”, İspaniya)

Sağ cinah müdafiəçisi: Riko Lyuis (“Mançester Siti”, İngiltərə)

Dayaq yarımmüdafiəçisi: Artur Vermeeren (“Antverpen”, Belçika)

Mərkəz yarımmüdafiəçisi: Pablo Qavi (“Barselona”, İspaniya)

Hücumameyilli yarımmüdafiəçi: Bilal el Xannuss (“Genk”, Belçika)

Sol vinger: Mateus Martins (“Uotford”, İngiltərə)

Sağ vinger: Angelo Qabriel (“Santos”, Braziliya)

Hücumçu: Markos Leonardo (“Santos”, Braziliya)

Azərbaycan klublarının şans verdiyi gənclər

"Report"un araşdırmasına görə, Azərbaycan Premyer Liqasının cari mövsümündə 20 yaşadək 19 futbolçu meydana çıxıb. Siyahıya CIES-dəki kimi, maya qədər 20 yaşı tamam olmayanlar deyil, 2003-cü ilin yanvarın 1-dən sonra anadan olanlar salınıb.

Çempionatın ən gənc üzvü Nihad Əhmədzadədir. Bu mövsüm 6 matçda iştirak edən “Sumqayıt”ın yarımmüdafiəçisi hazırda 17 yaşın içindədir.

Ən çox gənc oyunçulara şans verən komanda “Neftçi”dir. “Ağ-qaralar”ın meydana çıxan 4 üzvü U-20 limitinə düşür. “Sabah”, “Zirə”, “Turan Tovuz” və “Səbail” isə bir gəncə cəmi bir qarşılaşmada Premyer Liqa həyəcanı yaşamaq imkanı verib. Bu isə bir neçə dəqiqə çəkib.

Həm oyun, həm də dəqiqə sayı baxımından “Şamaxı” daha məhsuldardır. Bölgə təmsilçisinin heyətində 20 yaşı yanvarda tamam olan müdafiəçi Cəlal Hüseynov 29 qarşılaşmada çıxış edib. Yarımmüdafiəçi Qurban Səfərov isə 21 görüşün iştirakçısı olub.
Geri qayıt