Əsas Səhifə > Maqazin > Gülnarə Xəlilova Qazaxıstanda gənc dizaynerlərin işini qiymətləndirdi -
Gülnarə Xəlilova Qazaxıstanda gənc dizaynerlərin işini qiymətləndirdi -20-05-2018, 18:17 |
Azərbaycan Milli Geyim Mərkəzinin və “Gulnara Khalilova” Moda Evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Qazaxıstanın Şımkənd şəhərində keçirilmiş ASPARA FASHION WEEK Moda həftəsinin münsiflər heyətinin işində iştirak edib. BrendSport.az-ın məlumatına görə, beynəlxalq dəb festivalı həm müxtəlif ölkələrdən tanınmış modeyerləri, həm də dəbli geyimin gənc dizaynerlərini bir araya gətirib. Münsiflər heyətinin qərarına əsasən, 13 iştirakçı arasında ən yaxşı Qazaxıstanın Taraz şəhərini təmsil edən Saya Saukimbekova olub. Münsiflər heyətinin tərkibində, həmçinin “Asian Fashion Week Europe”nın direktoru Aydın Açik (Niderland), "Asian Designer Week"nin prezidenti Delfi Robi Ravat (Hindistan), VOGUE və ELLE jurnallarının nümayəndələri Anna Mirabella Postolaç və Adrianna Di Lello (İtaliya), Beynəlxalq Rəssamlar Federasiyasının və Beynəlxalq Dizaynerlər İttifaqı Assosiasiyasının üzvü Raf Sərdarov (Rusiya), ABŞ-ın “Fashion News Live Network” telekanalının direktoru Rokko Leo Qalioti (ABŞ), Çinin Geyim və tekstil istehsalçıları assosiasiyasının prezidenti Canq Yonq Çenq, Lvov Moda Həftəsinin beynəlxalq əlaqələndiricisi Kristi Kosanyak (Ukrayna), beynəlxalq dərəcəli məşqçi Tatyana Vorotnikova (Qırğızıstan) və başqaları olublar. Qeyd edək ki, ASPARA FASHION WEEK çərçivəsində dünyanın 22 ölkəsindən olan 24 dizayner özlərinin 2018-2019 payız-qış kolleksiyalarını təqdim ediblər. Onların arasında Gülnarə Xəlilovanın “Xalçaların dili” kolleksiyası da olub. Layihənin təşkilatçılarının məlumatına görə, ASPARA FASHION WEEK Qazaxıstanın dəb sənayesində ən möhtəşəm və irimiqyaslı tədbirdir. Qonaqlar və iştirakçılar arasında ABŞ, Hollandiya, İtaliya, Fransa, Polşa, Böyük Britaniya, Hindistan, Çin, Bolqarıstan, Azərbaycan, Rusiya, Qırğızıstan, Özbəkistan, Türkiyə, Tatarıstan, Ukrayna, Almaniya, Serbiya, Macarıstan və Qazaxıstan nümayəndələri var. Layihənin müəllifi və rəhbəri Qazaxıstanın tanınmış dizayneri, texniki elmlər namizədi, sənətşünaslıq üzrə dosenti Aydarxan Kaliyevdir. Geri qayıt |