Əsas Səhifə > Maqazin > AFFA-nın keçmiş prezidentinin bacısı və yeznəsi evlərində ölü tapıldı

AFFA-nın keçmiş prezidentinin bacısı və yeznəsi evlərində ölü tapıldı


24-02-2018, 14:46


AFFA-nın sabiq prezidenti Ramiz Mirzəyevin ailəsində daha bir faciə baş verib. Tovuz rayonunda yanğın verib evdə Ramiz Mirzəyevin bacısı Pakizə Mirzəyeva və onun həyat yoldaşı Fərman Məmmədovun cəsədləri tapılıb.

Məlum olub ki, meyiti tapılan ər-arvad qətlə yetirilib. Rəsmi məlumatda da göstərilir ki, F.Məmmədovun çarpayısının ətrafı 4 kv/m, F.Mirzəyevanın olduğu divan isə qismən yanıb. Bundan başqa, P. Mirzəyeva və onun həyat yoldaşı, 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədləri ayrı-ayrı otaqlarda tapılıb. Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.

Həmçinin evdə pul saxlanılan seyfin qırıldığı da üzə çıxıb. Qırılmış seyfdən külli miqdarda pulun oğurlandığı istisna edilmir. Bu isə qətlin tamah məqsədi ilə törədildiyi ehtimalını ortaya çıxarıb.

F. Məmmədovun Tovuzda maye-qaz yanacaqdoldurma məntəqəsi varmış və imkanlı adam hesab olunurmuş. P. Mirzəyeva isə Tovuz rayon Poliklinikasında həkim işləyirmiş.

Qeyd edək ki, R.Mirzəyevin oğlu 33 yaşlı Anar Mirzəyev 9 gün öncə - 15 fevralda Sabirabadın Həşimxanlı kəndində baş verən qəzada dünyasını dəyişmişdi. Keçən il isə Hacıqabulda "Toyota Land Kruzer"in qəzaya düşməsi nəticəsində Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev vəfat etmişdi.

Ramiz Mirzəyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərneftyağ" istehsalat birliyinin baş direktoru, "Azərneftyağ" neft emalı zavodunun direktoru, sənaye və energetika nazirinin müavini vəzifəsində çalışıb. O, 2003-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP-ın Xətai rayon təşkilatının sədri idi. O, 30 oktyabr 2007-ci ildə xərçəng xəstəliyindən vəfat etib.
Geri qayıt