Əsas Səhifə > Manşet > Bu il Azərbaycan 50-dən çox beynəlxalq idman tədbirinə ev sahibliyi edəcək
Bu il Azərbaycan 50-dən çox beynəlxalq idman tədbirinə ev sahibliyi edəcək4-03-2023, 16:04 |
Bu il Azərbaycan 50-dən çox beynəlxalq idman tədbirinə ev sahibliyi edəcək. BrendSport.az xəbər verir ki, bu fikirlər gənclər və idman naziri Fərid Qayıbovun fevral ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində yer alıb. Nazir bildirib ki, həmin turnirlərdən biri də mayın 29-dan iyunun 3-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatıdır: “Dünya Taekvondo Federasiyasının baş katibi Cankan So ilə görüşdə Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına hazırlıq məsələlərini müzakirə etdik”. “Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Şübhəsiz, “Heydər Əliyev İli”ndə idmançılarımız bu sahəyə dövlət qayğısının əsasını qoymuş Ulu Öndərimizin xatirəsini çoxsaylı yarışlarla yad edəcəklər. Belə yarışlardan biri olan və 52 dövlət qurumu arasında startı verilmiş minifutbol turnirinin ilkin mərhələsi başa çatıb. Yarışın növbəti mərhələsinə 32 komanda vəsiqə qazanıb. Yarışa bütün dövlət qurumlarının böyük maraqla qoşulması sevindirici haldır”, - deyə F.Qayıbov əlavə edib. Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş dağ-xizəyi yarışının da yaddaqalan olduğunu söyləyən nazir deyib: “Şahdağ” yay-qış turizm mərkəzində iki gün davam edən yarışda böyüklər və uşaqlar olmaqla 50-dən çox həvəskar xizəkçi iştirak etdi. Bu səpkidə daha bir yarış Bakının kənd və qəsəbələrini əhatə etdi. Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş 2009-2010-cu və 2011-2012-ci illər təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə Bakı kəndləri birinciliyi kütləvilik baxımından faydalı oldu. Ümumilikdə yarış 400 idmançını əhatə etdi”. Geri qayıt |