Əsas Səhifə > Manşet / Gənclər > Gənclər və idman naziri ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Gənclər və idman naziri ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb


8-02-2023, 18:02
Gənclər və idman naziri ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov ikinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Arzu Tairquliyeva-Nağıyeva və İlyas İsmayıllı ilə görüş keçirib.

BrendSport.az
xəbər verir ki, görüşdə Arzu Tairquliyeva-Nağıyeva və İlyas İsmayıllını ikinci “Yüksəliş” müsabiqəsində qaliblər sırasında olmaları münasibətilə təbrik edən nazir Fərid Qayıbov onların idarəetmə sahəsində təcrübələri ilə maraqlanıb. Nazir müsabiqə qaliblərinin praktiki fəaliyyətə cəlb olunmaqla təcrübələrinin artırılmasına dəstək olacağını deyib. Layihənin idarəçi rəhbərlərindən biri olaraq Fərid Qayıbov birillik fərdi inkişaf planı əsasında təcrübəsini müsabiqə qalibləri ilə bölüşəcəyini və potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini qeyd edib. Bildirib ki, qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirmələri üçün Gənclər və İdman Nazirliyi tərəfindən lazımi şərait yaradılacaq.
İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə mentorluq proqramı çərçivəsində gənclər və idman nazirinə yaradılan imkana və səmimi qəbula görə təşəkkür edib, onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünü inkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il 20 dekabr tarixində Sərəncam imzalanıb.
Geri qayıt