Əsas Səhifə > Manşet > Sentyabrın 27-də Gənclər və İdman Nazirliyi Anım Gününü qeyd edib
Sentyabrın 27-də Gənclər və İdman Nazirliyi Anım Gününü qeyd edib27-09-2021, 23:17 |
BrendSport.az saytı xəbər verir ki, əvvəlcə Anım Günü ilə əlaqədar olaraq, Respublika Stend Atıcılığı üzrə İdman Kompleksində nazir Fərid Qayıbovun iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Nazirliyin kollektivi və atıcılıq idmanı üzrə yığma komanda üzvləri kompleksin həyətində ümumilikdə 100 ağac əkiblər. Ölkə üzrə isə, Gənclər və İdman Nazirliyinin tabeliyində olan 44 idman kompleksi və gənclər evinin ərazisində, şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq, 2907 ağac əkilib. Anım Günü münasibətilə Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi, eləcə də gənclər təşkilatlarının və idman ictimaiyyətinin nümayəndələri II Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət ediblər. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşərək həlak olmuş qəhrəmanlarımızın məzarları önünə gül-çiçək düzülüb, əziz xatirələri ehtiramla yad edilib. Anım mərasimi isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Akt zalında keçirilib. Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə Vətən müharibəsində canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Gənclər və idman naziri Fərid Qayıbov, ADBTİA-nın rektoru Fuad Hacıyev, Vətən müharibəsi şəhidi Səbuhi Sadıxovun atası Rövşən Sadıxov, II Qarabağ müharibəsi qazisi, ADBTİA-nın magistrantı Elnur Əkbərov və Olimpiya çempionu Namiq Abdullayev çıxış ediblər. Geri qayıt |