Əsas Səhifə > Manşet > Adil Əliyev: Minalanmış sahələrin xəritəsinin verilməməsi Ermənistanın növbəti müharibə cinayətidir

Adil Əliyev: Minalanmış sahələrin xəritəsinin verilməməsi Ermənistanın növbəti müharibə cinayətidir


5-06-2021, 15:18
Adil Əliyev: Minalanmış sahələrin xəritəsinin verilməməsi Ermənistanın növbəti müharibə cinayətidir

İyunun 5-də Milli Məclis sədrinin müavini Adil Əliyev Vətən müharibəsinin iştirakçısı, habelə müharibədə iştirak edən həkim, arxa cəbhədə fəallıq göstərmiş jurnalistlər və gənclər ilə görüşüb.
BrendSport.az saytı xəbər verir ki, parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Adil Əliyev şanlı tariximizin ən böyük hadisələrindən biri olan Vətən müharibəsindən söhbət açaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdiyini, bununla da ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu, insanların uzun müddət həsrət qaldıqları dədə-baba torpaqlarına qovuşduğunu bildirib. Vurğulayıb ki, istər döyüş meydanında, istərsə də danışıqlar masasında qazanılmış uğurlar düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, Ermənistanın müharibədəki ağır məğlubiyyətini həzm edə, müharibədən sonrakı dövrdə ölkədə baş verən xaosu tənzimləyə bilməməsi onun dövlət olaraq tənəzzülünün əsasını təşkil edir.
Adil Əliyev, eyni zamanda, iyunun 4-də Kəlbəcər rayonunda baş verən, peşə vəzifələrini icra edərkən 2-si media nümayəndəsi olmaqla, 3 nəfərin minaya düşərək həlak olmasını Ermənistanın törətdiyi növbəti müharibə cinayət olduğunu bildirib. Habelə görüşdə iştirak edən media nümayəndələrinə Ermənistanın törətdiyi müharibə cinayətlərinin işıqlandırılmasını davam etdirmələrini tövsiyə edib. Deyib ki, dövlətimizin başçısının Ermənistanın beynəlxalq hüququn tələblərini pozduğunu, minalanmış ərazilərin xəritəsinin verilməsindən imtina etdiyini dəfələrlə beynəlxalq ictimaiyyətə çatdırsa da, bu günədək Ermənistanın bu təcavüzkar siyasətinin qarşısı alınmayıb.
“Beynəlxalq təşkilatların münaqişə ilə bağlı 30 il səssiz qalmasından sonra ölkəmiz öz suveren hüquqlarını bərpa etdi, bununla da dövlətimizin qüdrətini dünyaya bir daha göstərdi. İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, “Xarıbülbül” musiqi festivalının keçirilməsi ölkəmizin hərbi sahə ilə yanaşı, iqtisadi və digər sahələrdəki qüdrətini də dünyaya bir daha göstərir”, - deyən Milli Məclis sədrinin müavini Vətən müharibəsindən sonrada şəhid və qazi ailələrinin dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu, onların problemlərinin həlli məqsədilə dövlətimizin başçısının Sərəncamına əsasən “YAŞAT” Fondunun yaradıldığını, Fond tərəfindən bu sahədə genişmiqyaslı işlər aparıldığı, eyni zamanda, hər bir azərbaycanlının bu işdə daha fəal iştirakının arzuedilən olduğunu diqqətə çatdırıb.
Görüş iştirakçıları səmimi qəbula görə təşəkkürlərini bildiriblər. Vətən müharibəsi iştirakçıları, habelə arxa cəbhədə fəallıq göstərənlər tarixi Zəfərdə kiçik də olsa xidmətlərinin olmasından qürur duyduqlarını bildirib, müharibədən sonra da həkimlərimiz tərəfindən qazi və şəhid ailələrinin müalicəsi və müayinəsinin aparılmasının xalqımızın böyüklüyünün təcəssümü olduğunu qeyd ediblər. Habelə media nümayəndələri ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının, Ermənistanın müharibə cinayətlərinin geniş işıqlandırılmasının prioritet istiqamət olaraq qalacağını bildirib.
Sonda görüş iştirakçılarına Vətən müharibəsində və arxa cəbhədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.
Geri qayıt