Əsas Səhifə > Manşet > Beynəlxalq aləmdə ləyaqətli təmsilçiliyin düsturu

Beynəlxalq aləmdə ləyaqətli təmsilçiliyin düsturu


1-06-2021, 17:43


Nə qədər təzadlı görünsə də, gözlənilməz və qeyri-adi hadisələr şəxsi həyatda boşluqları üzə çıxardığı kimi, dünya nizam-idarəçiliyi də bu cür xətalardan xali deyil. Xüsusən, qlobal təhlükələrlə üzləşdikdə, bu, özünü daha qabarıq biruzə verir. Paralellərin müqayisəsi onu göstərir ki, istər şəxsi planda, istərsə də sivil beynəlxalq toplum olaraq dünya insanı, ələxsus, idarəçilik imtiyazına və həlledici söz sahibliyinə malik ölkələr bəzən fərdi maraqları ümumi maraqlardan üstün tuturlar. Nəticədə, birincilər və ikinci-üçüncü dərəcəlilər anlayışı peyda olur, maraqların uzlaşdırılmasında ədalət meyarı arxa plana keçirilir. Belə vəziyyətin yaranma səbəblərindən biri də güclü olmanın imtiyazı ilə güclünün məsuliyyəti arasında qorunmalı olan balansın, əslində, bəzən qorunmamasıdır.


Prezident İlham Əliyevin mayın 31-də ÜST-ün əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasındakı çıxışı həmin təzadı açıq şəkildə bir daha ortaya qoydu. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, Covid-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması üçün ölkəmizdə qısa zaman ərzində on min çarpayılıq 13 modul tipli və 1 daimi xəstəxana inşa edilib. Pandemiyanın mənfi təsirinə məruz qalan, əlavə və xüsusi müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlara və sahibkarlıq subyektlərinə 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilib. Bununla yanaşı, ölkəmiz ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi verib, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Amma sual yaranır: bunları etməkdə çətinlik çəkən və ya edə bilməyən inkişaf etməkdə olan, xüsusən, az inkişaf etmiş ölkələr üzləşdikləri mürəkkəb vəziyyətdən çıxa bilirlərmi? Beynəlxalq dəstək olmadan həmin ölkələr qlobal təhlükə qarşısında necə duruş gətirirlər? Dövlətimizin başçısı beynəlxalq auditoriya üçün açıqladı ki, ölkəmizdə 2 milyon doza peyvənddən artıq istifadə olunub, bu isə əhalimizin 20 faizi deməkdir. Bəs, görəsən, beynəlxalq dəstəyə xüsusi ehtiyacı olan dediyimiz həmin o ölkələr də öz vətəndaşlarına bu cür tədbirlər paketini təqdim edə bildilərmi?


Prezident İlham Əliyevin mötəbər beynəlxalq tədbirdə açıqladığı bu statistika göstərir ki, vəziyyət heç də ürəkaçan deyil: ”Davam edən ”peyvənd millətçilyi” , inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür”. Bu statistika təkcə təəssüf yox, sözün əsl mənasında, həyacan doğurmaya bilmir.Həm də ona görə ki, istinad olunan statistik məlumat dünya idarəçiliyindəki ayrı-seçkiliyin və ədalətsiz yanaşmanın nişanəsidir. Regional münaqişə və təhlükələrə münasibətdə ikili yanaşma təcrübəsinin mövcud olduğu sirr deyil, ölkəmizin taleyində bunun şahidi olmuşuq. Qarabağ düyününün çözülməsinin az qala 30 ilədək yubadılması, həm də bu cür yanaşma və ikili standartlarla, siyasi maraqların beynəlxalq hüququ üstələməsi ilə bağlı idi. Nə qədər acı olsa da, göründüyü kimi, hətta qlobal, ümumbəşəri təhlükələrə münasibət də ayrı-seçkilikdən sığortalanmayıb. Maraqlıdır ki, bu acı reallıq heç kim üçün yenilik deyil. Problemin mövcudluğunu və həllinin zəruriliyini beynəlxalq gündəmə çıxaran azsaylı ölkələrdən biri də məhz Azərbaycandır. Prezident İlham Əliyev vəziyyətlə bağlı narahatlığını bütün çılpaqlığı ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının Zirvə toplantısında, həmin ilin dekabr ayında isə BMT Baş Assambleyasının Xüsusi Sessiyasında dünya dövlətlərinin diqqətinə çatdırmışdı. Dövlətimizin başçısı problemin həlli məqsədilə Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin olunması təşəbbüsünü də irəli sürmüşdü. Məlum olduğu kimi, bu təşəbbüslə bağlı 2021-ci ilin mart ayında qətnamə qəbul edilib. Lakin Prezidentin növbəti dəfə məsələyə diqqət yönəltməsi göstərir ki, vəziyyətdə əsaslı dönüş hələki əldə olunmayıb...


Gələ biləcəyimiz və ya gəlməli olduğumuz nəticə ondan ibarətdir ki, bütün ziddiyyətlərə baxmayaraq , beynəlxalq birlikdə təmsil olunmağın alternativi yoxdur. Lakin əsas məsələ böyük olmayan dövlətlər sırasında ölkəmizin bu gün nümayiş etdirdiyi səviyyədə ləyaqətli və layiqli təmsilçiliklə bağlıdır. Qətiyyətli və inamlı dövlət mövqeyinin sərgilənə bilməsi düsturunu Prezident İlham Əliyev mayın 27-də Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində belə ifadə etdi: “Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi”. Ölkəmizin nüfuzlu beynəlxalq platformalarda bugünkü səviyyədə ləyaqətli və qürurverici təmsilçiliyinin təməlində də Prezidentimizin açıqladığı məhz bu düstur dayanır. Çünki o, xalqımızın iradəsinə və əbədi müstəqillik seçiminə, bu seçimin qarantı olan Prezident İlham Əliyevin qətiyyətli dövlətçilik mövqeyinə söykənir.


Ülvi Quliyev

Milli Məclisin deputatı


modern.az
Geri qayıt