Əsas Səhifə > Manşet / Milli komandalar > Dünya çempionatında böyük uğur qazanan gənc cüdoçularımızla görüş keçirilib
Dünya çempionatında böyük uğur qazanan gənc cüdoçularımızla görüş keçirilib25-10-2017, 20:37 |
Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan gənclər arasında cüdo üzrə dünya çempionatında uğurla çıxış edən Azərbaycan yığma komandasının üzvləri ilə oktyabrın 25-də Gənclər və İdman Nazirliyində (GİN) görüş keçirilib. Görüşdə GİN-in idman şöbəsinin müdiri Fərid Mansurov gənc cüdoçularımızın qazandıqları nailiyyətləri yüksək qiymətləndirərək deyib: “İdmanın bu növü üzrə atletlərimizin ardıcıl və parlaq qələbələr qazanması Azərbaycan Cüdo Federasiyasının (ACF) hədəfləri dəqiq müəyyənləşdirərək düzgün fəaliyyət istiqaməti seçdiyini göstərir. Zaqrebdə keçirilən dünya birinciliyində gənc cüdoçularımız 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Bu, böyük nəticədir. Uğur qazanan idmançılarımızı və ACF-in kollektivini təbrik edirəm. Gənclər arasında Avropa çempionatında da milli komandamız birinci yeri tutub. Gələn il dünya çempionatı Bakıda təşkil olunacaq. İnanıram ki, həmin çempionatda da həm medalların sayına, həm də yüksək təşkilatçılığımızla fərqlənəcəyik”. ACF-in baş katibi Elmar Babanlı yığma komandanın göstərilən etimadı doğrultduğunu bildirib. Qeyd edib ki, bu nəticə həm medalların sayına, həm də əyarına görə bir ilkdir. Oğlanların yarışında Azərbaycan yığma komandası birinci yeri tutub. Bu, tarixi qələbədir. Baş katib qeyd edib qeyd edib ki, dekabrın 21-22-də keçiriləcək Azərbaycan çempionatında H.Heydərov və N.Qurbanlı istisna olmaqla, digər idmançılar gənclər arasında mübarizəni davam etdirəcəklər. Azərbaycan çempionatından sonra sınaqdan çıxan idmançıların Avropa və dünya çempionatlarında iştirakları barədə qərar qəbul olunacağını vurğulayan E.Babanlı deyib: “73 kiloqram çəki dərəcəsində yarışan Hidayət Heydərov Olimpiya mükafatçımız Rüstəm Orucova əsas rəqibdir. Zelim Kotsiyev isə 100 kiloqram çəki dərəcəsində çıxış edən Elxan Məmmədova və Elmar Qasımova potensial rəqib hesab olunur. Bu amil idmançılarımız arasında rəqabəti daha da artırır”. Gənclərdən ibarət yığma komandanın baş məşqçisi Elçin İsmayılov qeyd edib ki, dünya birinciliyində cüdoçularımız püşkatma nəticəsində ən güclü idmançılarla qarşılaşıblar. Buna baxmayaraq, idmançılarımız uğurlu nəticə ilə yadda qalıblar. Qazanılan uğurlar Azərbaycan cüdosunun inkişafda olduğunu göstərir. Çempionatda qızıl medal qazanan Hidayət Heydərov keçirdiyi görüşlər haqda məlumat verib: “İlk görüşüm yaponiyalı idmançı ilə oldu. Güclü rəqiblə mübarizədə “tilsim”i qırdım və ondan sonra ardıcıl qələbələr qazandım. Bu çempionatdakı qələbə gənclərdən ibarət yığma komandamızın ilk böyük uğurudur. Bu uğurun qazanılmasında bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”. Yarışda gümüş medala sahib olan Natiq Qurbanlı və Kəramət Hüseynov da idmançılarımıza yaradılan şəraitə görə dövlətimizin başçısına və federasiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonra jurnalistlərin sualları cavablandırılıb. Xatırladaq ki, gənclər arasında dünya çempionatında Hidayət Heydərov (73 kq) və Zelim Kostiyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq) və Kəramət Hüseynov (60 kq) gümüş, Nəzakət Əzizova (52 kq) isə bürünc medal qazanıblar. Geri qayıt |