Əsas Səhifə > Manşet > “İndiki uşaqlara iş tapşırıb, özün gedirsən icrasına”

“İndiki uşaqlara iş tapşırıb, özün gedirsən icrasına”


24-09-2017, 12:12


Pəhləvanlıq sərbəst güləşmə, güclü və cəsur adamların idmanıdır. Azərbaycanda ta qədimdən güləşənləri belə adlandırırlar. İdmanın bu növü respublikamızda milli "güləş"lə bağlıdır. Hikmət müəllim də bu sahədə sözün demiş pəhləvanlardandır.

BrendSport.az xəbər verir ki, Tarverdiyev Hikmət Fikrət oğlu ağır atletika üzrə SSRİ idman ustasıdır. İdman akademiyasını bitirib. Onun yetirmələri dəfələrlə beynalxalq yarışların qalibi olub. Hörmətli pedaqoq və xalq şənliklərində iştirak edən pəhləvandır.
Onunla qısa söhbətimiz də pəhləvanlıq haqqında oldu.


- Hikmət müəllim, pəhlivan olmaq asandımı?

- Nə deyim vallah. Üstündən maşın kecirsə, şüşənin üstünə uzanırsansa, inansan özünə asandır. Bu, bir iradə nümayişidir. Pəhləvan həm gücünü, həm də publikanı ələ almalıdır. Gəl qaldır, sındır, əy, bununla iş bitməz. Millət sənə baxır və hər dəfə nəsə yeni bir şey gözləyir.

- İdmana neçə gəlişiniz necə oldu?

- Əslində gəlməmişəm, mən elə idmançı doğulmuşam (gülür). Kənd uşağı olmuşam. Nə iş deyiblərsə eləmişəm. İndiki uşaqlara iş tapşırıb, özün gedirsən icrasına. Yer belləmək, dəryaz vurmaq, naxıra getmək, dəyirmanda un üyütmək - bax budur əsl məşq.

- Enerjini saxlamaq üçün nəsə içirdinizmi? İndiki cavanlar kimi.

- Ay oğul, inçiməsinlər məndən. Bu enerji içkiləri ilə indiki gənclər içalatlarını yandırırlar. Bir yuxa, içində də yağla yumurta - bax budur da sənin enerjin. Yoxsa nə enerji içkisi?

- Eşitdik ki, bu yaxınlarda diaqnostik imtahandan yüksək bal yığmısınız?

- Dəyərəm min cavana (gülür). Nə olub ki, biz də məşq etdik, oxuduq, xalq arasında pəhləvanlıq etdik. İndi nədi bir kompüterdən qorxacayıq? Əsas burda iradəli olmaqdı, bir də təbii ki, oxumaq. İnsan tənbəl olmasın gərək.

- Gənlərimizə arzunuz nə olardı?

- İdmanla məşğul olsunlar. Sevsinlər torpağı, vətəni, milləti. Pis işlər üçün yox, dəyərli işlər üçün məşq edib yaşasınlar.

- Maraqlı söhbət üçün çox sağ olun.

- Oğul, sizə də işlərinizdə uğurlar.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi



Geri qayıt