Əsas Səhifə > Manşet / Olimpiya > T.Bax: BOK Tokio Olimpiadasında boks turnirinin keçirilməsi üçün səylərini əsirgəməyəcək
T.Bax: BOK Tokio Olimpiadasında boks turnirinin keçirilməsi üçün səylərini əsirgəməyəcək1-12-2018, 15:58 |
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında boks turnirinin keçirilməsində maraqlıdır. Bunu BOK İcraiyyə Komitəsinin Yaponiya paytaxtında keçirilmiş iclasının yekunlarına dair mətbuat konfransında təşkilatın rəhbəri Tomas Bax deyib. 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında boks turnirinin keçirilməyəcəyi ssenarisinin mümkünlüyü ilə bağlı suala cavab verən Bax vurğulayıb: “Biz Tokio Oyunlarında boks turnirinin keçirilməsi tərəfdarıyıq və bunun baş tutması üçün əlimizdən gələni edəcəyik”. BrendSport.az TASS agentliyinə istinadla xəbər verir ki, BOK bu yaxınlarda qarşıdakı Olimpiya Oyunlarında boks turnirinin keçirilməsi planını “dondurmuşdu”. Beynəlxalq Boks Federasiyasının (AIBA) idarəetmə və maliyyə məsələləri üzrə hesabatları BOK-u qane etməyib. Bundan başqa, problemin yaranmasında AIBA-nın noyabr ayında keçirilən Moskva konqresində seçilmiş yeni prezidenti Qafur Rəhimovun xüsusi rolunun olduğu bildirilir. Belə ki, BOK seçkidən əvvəl kriminal aləmlə əlaqəsi olduğu ehtimal edilən və ABŞ-ın maliyyə sanksiyalarına məruz qalmış bu şəxsə namizədliyini geri götürməyi tövsiyə edib. BOK, həmçinin bu federasiyanın maliyyələşdirilməsi, bilet satışı, təsnifat sisteminin təsdiqi və tətbiqi, test tədbirləri və yarışların yekun qrafikinin hazırlanması üzrə prosesləri dayandırıb. AIBA-ya Olimpiya obyektləri, rəmzləri və reklam materiallarından istifadə etmək də qadağan olunub. Bu məsələ ilə bağlı yekun qərar BOK-un 2019-cu ildə İsveçrənin Lozanna şəhərində keçiriləcək sessiyasında qəbul olunacaq. Bu sessiya Olimpiya Oyunlarına 14 ay qalmış baş tutacaq. Tokio Olimpiya Oyunları isə 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək. Geri qayıt |