Əsas Səhifə > Manşet / Araşdırma > FIFA prezidentinə ağır ittiham

FIFA prezidentinə ağır ittiham


3-11-2018, 21:48


FIFA prezidenti Canni İnfantinoya qarşı ağır ittiham irəli sürülüb. Bu barədə yazını Almaniyanın "Spiegel” jurnalı "Football Leaks” onlayın-platformasının məlumatları əsasında dərc edib.

İddia olunub ki, İnfantino UEFA-da baş katib vəzifəsində çalışdığı vaxt maliyyə feyr-pley qaydalarını pozan "Mançester Siti” və PSJ-yə mümkün cəzadan yayınmaq üçün yardım edib. Yaxın Şərqin ən zəngin iş adamlarının sahib olduğu hər iki klubda 2011-2013-cü illərdə ciddi büdcə açığı aşkarlanıb. PSJ sözügedən illərdə Qətərin Turizm Nazirliyi ilə bağlanmış sponsorluq müqaviləsinə əsasən, illik 215 milyon avro gəlir götürüb. UEFA mütəxəssisləri isə anlaşmanın real bazar qiymətini cəmi 2,8 milyon avro olaraq dəyərləndiriblər.

"Mançester Siti”nin isə 2011-2013 aralığında illik zərəri 233 milyon avro təşkil edib. Bu isə UEFA-nın kluba qoyduğu 45 milyonluq limitdən 5 dəfə çox olub. İnfantinonun hər iki klubun pozuntularından xəbərdar olduğu iddia olunur.

Qaydalara əsasən, hər iki komanda Çempionlar Liqasından kənarlaşdırılmalıymış. Fransızların cəzadan yayınmasına UEFA-nın sabiq prezidenti Mişel Platini, Fransanın keçmiş prezidenti Nikolya Sarkozi və İnfantino kömək ediblər. "Mançester Siti”nin pozuntularını ört-basdır etməkdə isə təkcə qurumun sabiq baş katibinin əli olub. O, FIFA-dakı vəzifəsinə baxmayaraq, klubların maraqları üçün mübarizə aparıb. İnfantinonun klub rəhbərləri ilə görüşərək, gizli məlumatları müzakirə etdiyi və qanunsuz olaraq onlara güzəştli şərtlər təklif etdiyi iddia olunur.

Nəhayət, 2014-cü ildə PSJ və "Mançester Siti” UEFA ilə razılığa gəlib ki, bunun da klublara heç bir mənfi təzyiqi olmayıb. Qısa müddətdən sonra isə hər iki klubla bağlı araşdırma aparan maliyyə feyr-pley komitəsinin rəhbəri şotlandiyalı Brayan Kuinn öz vəzifəsindən ayrılıb.

Artıq FIFA ittihamlarla bağlı bəyanat yayıb. Ali futbol qurumu İnfantinonun "Mançester Siti” və PSJ-yə cəzadan yayınmaqda kömək etmələri barədə iddiaları rədd edib. Bildirlir ki, dərc olunan məlumatlar FIFA-nın yeni rəhbərliyinə inamı sarsıtmaq məqsədi güdür: "FIFA-da islahatları qətiyyətlə həyata keçiririk. Ona görə də ciddi, xüsusən də əvvəl yer aldıqları sistemdə utanmadan qazanc götürən, indi isə bunu edə bilməyənlərin müqaviməti ilə rastlaşacağımızı öncədən də bilirdim. Ona görə də FIFA-nın prezidenti seçilmişəm və yalnız bütün dünyada futbolun inkişafına və yaxşılaşdırılmasına köklənmişəm". (Fanat.Az)
Geri qayıt