Əsas Səhifə > Manşet / Araşdırma > "Qarabağ" - Qələbələrin komandası

"Qarabağ" - Qələbələrin komandası


2-08-2018, 11:39


Elə dünən günün bu vaxtlarında siz oxucularımızla bir yazımı paylaşmışdım. Vurğulamışdıq ki, "Qarabağ” "Kukesi”nin nazıyla oynamadan, "B”, "C” planları üzərində düşünmədən "A” planını işə salmalıdı. Rəqibin üzərinə getmək, onu öz qapısına doğru sıxışdırmaq və mümkün qədər tez qol vurmaq.

Bəli, plan baş tutdu. Sözsüz ki, Qurban Qurbanov hələ Albaniyadakı oyuna qədər rəqibi öyrənə bilmiş, "Kukesi”nin "qabı”nda nələr olduğuna ordakı 90 dəqiqə ərzində tam əmin olmuşdu. Bu rəqibin işini bitirmək, onları yolumuzdan kənarlaşdırmaq üçün çətinlik çəkməməli idi. Heç çəkmədik də. Bəd nəzərdən uzaq olsun, "Qarabağ” yavaş-yavaş gücünü toplayır, futbolçular formalarını bərpa edir, yenilər heyətə uyğunlaşır, hədəflərə yaxınlaşırıq. Yolumuz hamarlaşmaq üzrədi.

Bizi əsasən bir sual narahat edirdi. Ötən həftə transferi reallaşan hücumçular Con Delarj və İnnosent Emeqara özlərini necə göstərəcək, uyğunlaşma problemini necə dəf edəcəklər. Emeqara doğma evinə döndüyünü elə ilk oyundaca göstərdi. Onun üçün Respublika stadionu da, "Qarabağ”dakı ab-hava da yad deyildi.

Özü də başa düşürdü ki, start həyacanına yenik düşməməli, azarkeşlərin və Qurban Qurbanovun etimadını mümkün qədər tez doğrultmalıdı. Bunu bacardı.

Söhbət təkcə onun yaratdığı və qazandığı penalti epizodlarından getmir. Meydanda olduğu müddət ərzində Emeqara istəyi və çalışqanlığı, lazımi anlarda topa açılması, sürətlə irəli şığımasıyla səviyyəsini ortaya qoydu. Con Delarj da öz işini bilən, zamanla daha faydalı olacaq görüntüdə idi. Bu iki forvardın tam işə düşməsi, "Qarabağ” azarkeşininin Dino Ndlovunu unutması, qolların sıralanması demək olacaq.

Artıq qarşıdakı rəqib də bəllidi. Borisov təmsilçisinin avrokubok təcrübəsinə, gücünə şübhə etməyə dəyməz. Bu mövsüm ilk dəfə qarşımıza ciddi komanda çıxıb. Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi üçün normal haldı və mümkün rəqiblərin heç də ən qorxulusu deyil. Qarşıdakı günlər də həm "Qarabağ”, həm də biz BATE-ni qarşılamağa lazımınca hazırlaşmalıyıq.

Bizim çempionumuz qələbələrin komandasıdı. Artıq qələbənin dadını hiss etmişik, "köhlən atlar”ı heç kim dayandıra bilməz!

Amal ABUŞOV
Geri qayıt