Əsas Səhifə > Manşet > Milli Məclisdə idman sahəsinin bəzi aktual məsələləri ilə bağlı fikirlər səsləndirilib
Milli Məclisdə idman sahəsinin bəzi aktual məsələləri ilə bağlı fikirlər səsləndirilibDünən, 17:27 |
![]() Martın 4-də Milli Məclisin Gənclər və idman komitəsində Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı tədbir keçirilib. BrendSport.az xəbər verir ki, parlamentin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılovun sözlərinə görə, tədbirin məqsədi ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, bu sahədə həyata keçirilən dövlət siyasəti, mövcud nailiyyətlər və perspektiv istiqamətlər barədə müzakirələrin aparılmasıdır. O, idmanın gənclərin sağlam həyat tərzinə cəlb olunmasında, vətənpərvərlik ruhunun formalaşmasında və cəmiyyətin sosial inkişafında mühüm rol oynadığını deyərək, sahə üzrə mövcud çağırışlara da toxunub, idman sahəsinin bəzi aktual məsələləri ilə bağlı fikirlərini səsləndirib. Sonra tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov ölkədə keçən ilin idman nəticələri ilə bağlı təqdimatla çıxış edib. Qeyd olunub ki, keçən il Azərbaycan idmançıları beynəlxalq yarışlarda 2113 medal qazanıblar. O, ölkədə idman hərəkatının genişləndirilməsi, müasir idman infrastrukturunun yaradılması və ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etməsi istiqamətində görülən işlərdən bəhs edib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində idmanın prioritet sahələrdən birinə çevrildiyini, bunun da Azərbaycan idmançılarının beynəlxalq arenada qazandığı uğurlarda öz əksini tapdığını vurğulayıb. O, bu uğurların davamlılığı baxımından idman iqtisadiyyatının stimullaşdırılması, xüsusən idman sahəsində sponsorluğun genişləndirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. Müzakirələrdə çıxış edənlər idmanın kütləviliyinin təmin olunmasının əhəmiyyəti, sağlam və vətənpərvər gənc nəslin formalaşdırılmasının vacibliyi, ölkəmizin idman sahəsində əldə etdiyi nailiyyətlər, eləcə də bu istiqamətdə qarşıda duran vəzifələr və inkişaf perspektivləri barədə danışıb, fikir mübadiləsi aparıblar. Geri qayıt |