Əsas Səhifə > Manşet / Araşdırma > İspaniyada klub yaradan azərbaycanlı qadın

İspaniyada klub yaradan azərbaycanlı qadın


8-05-2018, 18:04
İspaniyada klub yaradan azərbaycanlı qadın

"Oyunlar zamanı stadionda Azərbaycan bayrağının dalğalanması insana qürur verir”

Xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edən həmvətənlərimiz yaşayır. BrendSport.az xəbər verir ki, minval.info İspaniyanın "Baku Hellin Deportivo” futbol klubunun prezidenti Gülnarə Xanbabayeva barədə yazı hazırlayıb. O, Lənkəran şəhərində doğulub və gənc yaşlarında Rusiyaya köçüb. Orada xeyli yaşayan G.Xanbabayeva artıq 10 ildən çoxdur ki, İspaniyaya yollanıb. Futbolla maraqlanmadığını deyən klub prezidenti təsadüf nəticəsində bu sahəyə gəldiyini deyib. İş qadını İspaniyada "Baku de Valensiya” və "Ellin Deportivo” klublarının bazası əsasında yeni komanda – "Baku Hellin Deportivo” klubunu formalaşdırıb. Klubun emblemi də üçrəngli bayrağımızı simvolizə edir.

Komanda İspaniyanın üçüncü divizionunda mübarizə aparır. Gülnarə xanım klub haqqında danışarkən deyib ki, futbolçuları hər dəfə oyuna başlamazdan öncə bir yerə toplaşaraq yüksək sədayla "Baku” söyləyirlər: "Onların səsi bütün stadionu bürüyür. Oyunlar zamanı stadionda Azərbaycan bayrağının dalğalanması insana qürur verir”.



"İspanlar klubumuzun adında "Bakı” sözünü görəndə, elə bilirdilər Valensiya şəhərinin bir məhəlləsidir. Ancaq biz orada Bakını, Azərbaycanı tanıtdıra bilirik. Mübarizə apardığımız divizionun lideri "Toledo” klubunun 1 milyon 200 min avro büdcəsi var. Bizdə isə illik xərc 400 min avro təşkil edir. Əgər II diviziona çıxsaq, bizə maraq, sponsorlar çoxalacaq və onda büdcəmiz 3 milyona yaxın olacaq. Ev oyunlarımıza 2000-2500 azarkeş gəlir” – Xanbabayeva açıqlamalarından birində deyib.

Gülnarə xanım müsahibələrində”Atletiko”, "Real”, "Barselona” kimi klublarla yaxşı əlaqələrinin olduğunu deyib.

O, həmçinin çıxışlarından birində söyləyib ki, azərbaycanlı futbolçuları bu klublara yerləşdirməyə hazırdır: "Mən azərbaycanlıları böyük məmnuniyyətlə qəbul etməyə hazıram. Ancaq həmin futbolçunun istedadı olmalıdır. Komandamızın qapıçısı ayda 300 avro alır ki, bu da bizdə ən yüksək ödənişdir. Əgər azərbaycanlı futbolçu vətənində ayda 10-15 min manat qazanırsa, mən onu İspaniyaya necə aparım?”.



Gülnara Xanbabayeva İspaniyada qalmaqalla da gündəmə gəlib. Onun futbolçularına "Santa Ana” stadionunda məşq etməyə icazə verilmədiyi üçün şəhər meriyasına üz tutub. Xanbabayeva baş verənlərə kəskin reaksiya verib, hətta problemin həll olunmayacağı təqdirdə istefa edəcəyini bildirib.

Gülnarə xanım müsahiblərində "Bakı” futbol klubunun İspaniyada çıxış etməsinin həm də diaspora fəaliyyətinin genişlənməsinə, Azərbaycanın adının tanıdılmasına şərait yaratdığını deyib.
Geri qayıt