Əsas Səhifə > Manşet / Müsahibə > “Bu sahədə hər şeyi öz gücümüzə edirik”
“Bu sahədə hər şeyi öz gücümüzə edirik”26-03-2018, 23:54 |
Sain Fərhad Fərmanlı 07 iyun 1985-ci ildə Bakıda anadan olub. Əslən Avşar türklərindəndir. Orta və ali təhsilini Bakıda alıb. Sonra seçdiyi sənətə görə xaricdə kurslarda olub. 2017-ci ildə “Hollivud Stunt Course” kursunu fərqlənmə diplomu ilə bitirib. Hazırda aktyor, döyüş səhnələri üzrə beynəlxalq dərəcəli təlimatçı/xoreoqraf, kaskadyor, "Azerbaijan Action Academy"nin təsisçisi, “Sain’s Action Team”in rəhbəri, Beynəlxalq “Nomad Stunts” Peşəkar Kaskadyorlar Qrupunun üzvü və Azərbaycandakı nümayəndəsi kimi fəaliyyət göstərir. Həmçinin bu sahə üzrə ustad dərsləri də verir. Hazırda Hollivud, Bollivud və digər böyük layihələrə dəvət alan Sain, peşəkarlığını artırmaq üçün müxtəlif ölkələrdə səfərdə olur. Azərbaycanda kaskadyorluq sənəti əsasən, Sain müəllim və komandasının aksion janrının təbliğatı ilə məşğul olmağa başladıqdan sonra daha da çiçəklənməyə başlayıb. Sain müəllimlə görüşüb bu sahənin bugünkü durumu, inkişafı və gələcək planları haqqında fikirlərini öyrəndik. Artıq insanlara döyüş janrına aid olan müəyyən təbliğat verə bilmişik və bu yolda işlərimizə davam edirik. Ümumilikdə isə bu gün Azərbaycanda kaskadyorluq təbii ki, Hollivud səhnəsində və digər ölkələrdə olduğu səviyyədə deyil. Çünki bu sahədə hər şeyi öz gücümüzə edirik. Buna bariz nümunə olaraq onu deyə bilərəm ki, Hollivud kurslarına getmək üçün aidiyyatı qurumlardan dəstək istədiyim zaman, cavab olaraq “bizim üçün prioritet olmadığına görə sizə dəstək ola bilməyəcəyik” cavabını aldıq. Yəni ki, bu sahə hələ də aidiyyəti qurumlar tərəfindən qayğısız qalıb. Düşünürəm ki, bizdən də özümüzü doğrultmaq tələb olunur. Biz də bunu anlayaraq, özümzü doğrultmağa və Azərbaycan kinoindustriyasında öndə gedən komanda olmağa çalışırıq. Kaskadyorluq sənətinin inkişaf etdirilməsi üşün artıq bizdə xüsusi ideyalar var və biznes-paket şəklində hazırlamışıq. Lakin, hələ ki, bu sahə ilə maraqlanacaq iş adamı yoxdur. Ümid edirəm ki, bizim sahə ilə də maraqlanacaq iş adamları olacaq və nə vaxtsa bu biznesdə ilk addımlarımızı atacağıq. Əslində bu fikirlərlə bağlı ölkə başçısı cənab İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etməyi də planlaşdırıram. Həmçinin Leyla Əliyeva ya da bu təkliflə müraciət etməyi düşünürəm. Leyla xanımla biz, Ali və Nino filmində ara-sıra görüşürdük. Təbii ki, mən hər dəfə fərqli qrimdə olurdum və Leyla xanım məni indi görsə tanımaz. Yeri gəlmişkən deyim ki, “Ali və Nino” filminin təşkilatçılığına və ərsəyə gəlməsində verdiyi dəstəyə görə Leyla xanıma və zəhməti olmuş hər kəsə dərin minnətdarlığımı bildirirəm. “Kaskadyorluqla idmanın hansı əlaqələri var?” sualına Sain müəllimin cavab belə oldu: Əvvəl idmançı kimdir ona aydınlıq gətirək. İdmançı – hər hansı bir idman oyunu və ya döyüş növü ilə məşğul olan insanın, həmin növlər üzrə yarışlara qatılan şəxsə deyilir. Yarışlara qatılmadığı halda isə idmançı deyil. Sadəcə olaraq, döyüş növləri, idman oyunlari və ya bədən tərbiyəsi ilə məşğul olan şəxsdir. Kaskadyorluq isə, yıxılmaların və çətin tryukların icrasına deyilir. Kaskadyorluq real yıxılmaların imitasiyasıdır. Qısa şəkildə bu cür izah verə bilərəm. Kaskadyor o şəxsdir ki, hər zaman öz fiziki keyfiyyətlərini artırmaq və psixoloji maneələri keşməkdə daim əzmkarlıq göstərir və bu onun üçün bir həyat tərzidir. Son olaraq deyim ki, mən özüm şotokan karate, vado-ryu karate, goju-ryu karate, kyokushinkai karate, capoeira, vu-şu, jeet kune do, vinq çun, boxing, tae kvon do, ciu citsu, escrima/kali, tai çi, knife fighting, combat self defence system və digər idman növləri ilə məşğul olmuşam. Əliqasım Məmmədov, ADPU-nun I kurs tələbəsi Geri qayıt |