Əsas Səhifə > Manşet / Araşdırma > Qılıncoynatma: bütün zamanların ecazkar oyunu

Qılıncoynatma: bütün zamanların ecazkar oyunu


23-03-2018, 00:09


Qılıncoynatma dünyanın məhşur və maraqlı idman növlərindən biridir. Lakin çoxları bu maraqlı və ecazkar idman növünün tarixcəsindən xəbərsizdir. Bu növün tarixi gədim Misirdən başlayır.

Alimlər Misir divarları üzərində əllərində qılınc, üzləri isə maska ilə örtülü döyüşçü şəkilləri aşkar ediblər. Lakin odlu silahların istehsalından sonra qılınc döyüşləri, demək olar ki, başa çatıb.

XV əsrdə qılıncoynatma mədəniyyəti İspaniyada yaranıb. Daha sonra bu İtaliya və Fransaya yayılıb. Qılıncoynatma üzrə dünya çempionatı ilk dəfə XX əsrdə təşkil olunub. 1921-ci ildə İspaniyada keçirilən çempionatda idmançılar şpaqa növündə güclərini sınayıblar. Növbəti il isə dünya çempionatında yarışan idmançılar sablya, dörd ildən sonra isə rapira ilə mübarizə aparıblar.

Qılıncoynatma: bütün zamanların ecazkar oyunu

1929-cu ildə peşəkarların sırasına ilk dəfə qadın qılıncoynadan da qoşulub. Olimpiya Oyunlarının proqramına bu növ 1896-ci ildə daxil edilib. Afinada keçirilən oyunda yalnız kişilər (sablya və rapira) mübarizə aparıblar.

Müasir dövrümüzdə qılıncoynatma yarışları Olimpiya oyunlarının proqramına həm fərdi, həm də komanda şəklində daxil edilir. İdmançılar rapira, şpaqa və sablya ilə mübarizə aparırlar. Bu növ üzrə yarışlar kişi, qadın, uşaq və veteranlar arasında təşkil olunur. Lakin son zamanlar paralimpiya qılıncoynatması da öz inkişaf dövrünü yaşayır. Paralimpiya qılıncoynatması 1960-cı ildə keçirilən ilk Paralimpiya oyunlarında proqrama daxil edilib.

Fransız dili

Demək olar ki, beynəlxalq arenalarda bütün idman növləri üzrə keçirilən yarışlarda istifadə olunan dil ingilis dilidir (off-sayd, nokaut, bulit). Lakin qılıncoynatma növündə irimiqyaslı yarışlarda hakimlik fransız dilində aparılır. Buna görə də əksər qılıncoynadanlar istifadə etdikləri terminlərin adlarını məhz fransız dilində bilirlər.



Bu növdə təzyiq 70 faiz təşkil edir

Maraqlıdır ki, qılıncoynatma dünyanın ən intellektual idman növləri siyahısında ilk üçlükdə qərarlaşır. Bu idman növündə fiziki güclə yanaşı, müəyyən strateji bacarıqlar da tələb olunur. Mütəxəssislərin fikrincə, oyun zamanı ən cox hərəkət edən, daha doğrusu, hərəkətlərdən yaranan təzyiqə məruz qalanlar məhz qılıncoynadanlardır. Sübut olunub ki, bu növlə peşəkar şəkildə məşğul olan idmançıların ayaqları yarış zamanı 70 faiz təzyiq altında olur.

Əsas güc biləklərin üzərinə düşür

Digər idman növləri ilə müqayisədə, qılıncoynatmada zərbə endirmək tərzi də fərqlidir. Məsələn, boksda güclü zərbəni endirmək üçün idmançı bütün bədəni ilə irəli gedir. Lakin qılıncoynatmada qol əsas rol oynayır. Zərbə zamanı əl önə gedir, bədən isə ona tabe olur. Zərbənin vurulmasında bilək xüsusi rol oynayır.



Qılıncoynadan muşketyorlar

İdman növləri kimi qılıncoynatma XX əsrdə yaransa da, qılıncdan döyüşlərdə 1200-cü ildə istifadə olunurdu. Orta əsrlərdə qılıncdan ən çox muşketyorlar yararlanırdı. Qılıncoynatma ilə yanaşı, müxtəlif idman növləri üzrə əyləncə xarakterli yarışlar keçirilsə də, məhz bu növ həmin dövrün kralları tərəfindən maraq və rəğbətlə qarşılanırdı. Muşketyorlar öz qılıncları ilə kralları düşmən hücumundan qoruyurdular.

Qılıncoynatmanın elementləri balet rəqsində

İlk baxışdan qılıncoynatma və balet bir-birinə tam zidd bir ifadə kimi görsənir. Lakin bu, yalnız ilk baxışdan belədir. Məlumdur ki, baletin bir necə elementi məhz bu növdən götürülüb. Ümumiyyətlə, XVII əsrdə Fransada məhşur olan rəqslərin əksəriyyətində qılıncoynatmanın elementlərindən istifadə edilib. Döyüş növü elementlərindən rəqsdə istifadə etmənin əsas səbəbi isə kişilərin də qadınlar kimi gözəl rəqs etməsi ilə bağlı idi.



Ağ geyimli insanlar

Qılıncoynadanların hansı səbəbdən bütövlüklə ağ geyindiklər yəqin ki, çoxları üçün maraqlıdır. Qılıncoynatmanın yeni idman növü olduğu vaxtlarda xalların elektron hesablanması mümkün deyildi. Buna görə də hakimlər maraqlı bir üsuldan istifadə edirdilər. Onlar qılıncların uc tərəfinə qara rəngə boyanmış parca birləşdirirdilər. Zərbə endirilən zaman qılıncın ucundaki rəng rəqibin paltarında əks olunurdu. Bu yolla rəqiblərin bir-birinə endirdikləri zərbələr dəqiq hesablanırdı. Oyundan sonra hər iki rəqibin geyimlərində olan qara izlər toplanılır və kimin necə xal qazandığı müəyyən olunurdu.

Məhşurları cəlb edən növ

Öz zərifliyi və ecazkarlığı ilə qılıncoynatma bir çox məhşurları da cəlb edib. Peşəsindən aslı olmayaraq bəzi dünya məhşurları bu növlə məşğul olublar. Filosof Rene Dekart, Böyük Britaniyanın baş naziri Uinston Çörçil, ABŞ prezidenti Teodor Ruzvelt qılıncoynatma ilə yaxından maraqlanıblar. Bundan əlavə Hollivud ulduzları Ketrin Zeta-Cons, Tom Kruz, Uil Smit, Madonna da bu növlə həvəskar şəkildə məşğul olublar. Tanınmış yazıçı Aleksandr Dümanı da bu siyahıya əlavə etmək lazımdır. Yazıçı öz dövründə qılıncoynatma üzrə dünyada ən yaxşı ekspert hesab olunurdu.

Hazırladı: Türkay Niftaliyeva

Geri qayıt