Əsas Səhifə > Manşet / Müsahibə > “Mənim hakimliyə gedən yolum futbolçu olmaqdan keçib”

“Mənim hakimliyə gedən yolum futbolçu olmaqdan keçib”


16-02-2018, 23:03
“Mənim hakimliyə gedən yolum futbolçu olmaqdan keçib”

“Prezidentimizin qələbə qazanan idmançılarla görüşüb, onlarla bu sevinci bölüşməsi idmançılarımıza böyük stimul verir”

Ölkəmizdə müxtəlif idman sahələri günü-gündən inkişaf edir. Bu, futboldan da yan keçməyib. Milyonların favorit idman növü olan futbol, Azərbaycanda da çox sevilir. Kiçik addımlarla uğurla inkişaf edən bu oyunda, futbolçularla yanaşı əsas rolu hakimlər bölüşür. Ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edən milli hakimlərimizdən biri də Anar Salmanovdur. Respublikamızda futbolun və hakimliyin hansı səviyyədə olduğunu öyrənmək üçün Anar müəllimlə görüşdük. Söhbətimiz onun həyatı, idman karyerası və ona edilən ən böyük haqsızlığı əhatə etdi. Geniş və maraqlı müsahibəmizi oxucularımıza təqdim edirik.

- Əvvəlcə özünüz barədə məlumat verərdiniz.

- Əslən Bərdə rayonunun Çələbilər kəndindən olsam da, 1980-ci ilin oktyabrın 4-də Bakı şəhərində anadan olmuşam. Yeddi yaşımdan futbol oynamağa başlamışam. İdman növləri arasında məhz futbolu seçməyim, yəqin ki, atamın 45 il müddətində Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunun rəhbəri olması ilə əlaqədər olub. Yəni lap kiçik yaşlarımdan futbol mənim həyatımdadır. 1997-ci ildə 200 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul oldum. 2001-ci ildə ali məktəbi bitirdim və magistratura pilləsinə qəbul oldum. Oranı da müvəffəqiyətlə başa vurduqdan sonra, hərbi xidmətə yollandım. İdman karyeramda atdığım ilk addımlar Yuriy Nikiforovun rəhbəriliyinə təsadüf edib. Peşəkar idman karyerama 16 yaşımda “Neftçi” komandasından başlamışam. Daha sonra Ruslan Abdullayevin rəhbərliyi altında “Dinamo” klubunda fəaliyyət göstərmişəm.

- Qeyd etdiniz ki, idmana olan marağınız uşaq vaxtlarından yaranıb. Bəs, bu sizin dərslərinizlə vaxtında məşğul olmağa maneə olmurdu?

- Xeyr. Bilirsiniz, dərs oxumaq istəyən insan hər bir şəraitdə bunu edəcək. Mən həm idmana, həm də dərslərimə eyni qaydada vaxt ayırırdım. Təlim-məşq toplanışlarına yollananda isə məktəb və universitetə arayış təqdim edib, qaydası ilə icazə alırdım. Bir sözlə, məktəbli kimi məktəbli, tələbə kimi tələbə olmuşam.

- Atanız idmanla bağlı olduğu üçün sizin bu sahəyə olan həvəsinizi dəstəkləyirdi. Bəs ananız necə?

- Anam məni hər bir məsələdə dəstəkləyir. Onu da qeyd edim ki, anam da idmançı olub. O, vaxtilə yüngül atletika ilə məşğul olub. Hazırda qardaşım da “Neftçi” klubunda terapevt-massajist vəzifəsində çalışır.

- Futbolçuluqdan hakimliyə keçidiniz barədə danışardınız...

- Təəssüflər olsun ki, mən idman karyeramı 2004-cu ildə aldığım zədə nəticəsində dayandırmalı oldum. Bir müddət müalicə aldıqdan sonra hakimlik postuna təyin olundum. Elə həmin il premyer liqamızın 33 oyununu idarə etdim. 2004-2010-cu illərdə Azərbaycan Premyer Liqasının oyunları mənə həvalə olundu. 2010-cu ildə beynəlxalq dərəcəli hakim statusuna layiq görüldüm. 2010-2014-cü illərdə Avropada 44 oyuna hakimlik edərək, orada Azərbaycanı yüksək səviyyədə təmsil etdim.

- İdarə etdiyiniz oyunlardan sizin üçün ən yaddaqalan hansı olub?

- Hər bir oyun özünəməxsus maraqlı və yaddaqalan olur. Lakin mənim üçün ən yaddaqalan İspaniya və Səudiyyə Ərəbistanı milli komandalarının yoldaşlıq oyunu və 2014-cü il Dünya Çempionatının seçmə oyunu olan Çexiya-Malta görüşü olub.

- Necə düşünürsünüz, yerli komandalarımızla işləmək asandı yoxsa xarici?

- Hər bir hakim üçün milli komanların oyununu idarə etmək daha çətindir. Düzünü desəm, mənim hakimliyə gedən yolum futbolçu olmaqdan kecdiyi üçün, mənə yerli klubların oyunlarını idarə etmək problem yaratmırdı. Oyunçuların futbol meydançasında etmək istədiklərini əvvəlcədən təxmin edib, bəzi qərarlar alırdım.

- Hazırda hakimlik etmirsiniz. Bunun səbəbi...

- Bunun səbəbi mənim üçün hələ də anlaşılmaz qalıb. 2013-cü ildə Azərbaycan Kubokunun 2/1 oyununu “Neftçi”-“Qarabağ” görüşünü idarə edirdim. Oyunda aldığım bir yalnış qərar mənim hakimlik karyerama son qoydu. Səhvsiz insan olmadığı kimi, səhvsiz hakim də yoxdur. Yalnış təyin etdiyim bir penaltiyə görə Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov mənə qarşı qərəzli mövqe tutdu. Düşünürəm ki, yalnız bir səhvə görə hakimi Premyer Liqadan kənarlaşdırmaq düzgün deyil. Mənim UEFA-dan olan avstriyalı müəllimim, peşəkar hakim Konrad Plautz dəfələrdə etiraz məktubu ilə müraciət edib.

Onu da nəzərinizə çatdırım ki, mən həmçinin UEFA-nın istedadlar qrupunda yer alırdım. Məndən əlavə bu qrupda Babək Quliyev və İmanxan Sultanov da daxil edilib. 2013-cü ilin fevral ayında İsveçrənin Jeneva şəhərinə təlim-məşq toplanışına dəvət almışdım. Noyabr ayında isə Latviyaya 21 yaşlıların oyununa yollandım. Oradan qayıdanda mənə xəbər verdilər ki, məni hakimlər siyahısından çıxarıblar. Sizcə bu nə dərəcədə düzgündür? Mən bir məsələdə əminəm ki, məni hakimlikdən uzaqlaşdıran insanlar, Tofiq Bəhramov məktəbinin kökünü kəsənlərdir.

- Bəs necə oldu ki, yalnış qərar qəbul etdiniz?

- Məlumdur ki, oyunda penalti olması üçün top xəttin üzərində olmalıdır. Mən cərimə meydançasının içərisindən deyil, dioqanala cıxıb oradan cərimə meydanını görməli idim. Mən dayandığım mövqedən penalti olduğu görünürdü. Dünyanın heç bir ölkəsində bir yalnış təyin olunmuş penaltiyə görə belə ağır cəza verilmir. Məni 4-5 oyundan uzaqlaşdırmaqla cəzalandırmaq olardı. Lakin qəbul olunmuş bu qərar, yalnız Xəqani Məmmədovun mənə qarşı olan qərəz mövqeyinin nəticəsidir. Kədərli bir faktdır ki, hakimlər komitəsini sədri Xəqani Məmmədovdur. Çünki bu insan Azərbacanda hakimliyi sıfır dərəcəsinə salıb. Bir hakim yetişdirmək üçün hakimlər komitəsi on il vaxt sərf edir. Bu çox uzun bir müddətdir və məhz buna görə hakimlikdə inkişaf yoxdur. Üc dəfə hakimlikdən qovulan şəxs, hazırda Hakimlər Komitəsinin sədridir. Ola bilər ki, mənim barədə həqiqətə uyğun olmayan məlumatlar yayıblar və məni xalqımın gözündən salmağa çalışıblar. Mən ümid edirəm ki, AFFA-nın prezidenti, hörmətli Rövnəq Abdullayev bu məsələ ilə yaxından maraqlanacaq.

- Necə düşünürsünüz, alınan belə qərarlar Azərbaycan idmanının inkişafına maneə olurmu?

- Yerli hakimlərimizin daha da inkişaf edib, beynəlxalq yarışları idarə etməsi, ölkəmizi daha da tanıtması və adını ucalara qaldırması çox gözəldir. Ancaq təəssfülər olsun ki, bəzi şəxslər buna imkan vermir. On ildir ki hakimlər komitəsi demək olar ki, heç bir fəaliyyət göstərmir. Bu illər ərzində 10-15 yeni hakim yetişə bilərdi. Hazırda Azərbaycanı beynəlxalq arenalarda hakim kimi təmsil edən yalnız Əliyar Ağayevdir. Əliyar Ağayev həm Futbol Federasiyasında, həm də Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim vəzifəsində çalışır. Avopada Azərbaycanı üç baş hakim və altı yan xətt hakimi təmsil edir. Hesab edirəm ki, xarici ölkədə Azərbaycanı şərəflə təmsil etmək çox gözəl hissdir. Çalışmaq lazımdır ki, belə vətəndaşlarımızın sayı artsın. Yəqin ki, beziləri üçün bu əsas deyil. Onlar şəxsi məqsədləri uğrunda Azərbaycanı Avropada təmsil edən hakimi siyahıdan çıxartdılar. Azərbaycan doqquz il əvvəl hakimlərin inkişaf proqramına qoşulub. Hər il hakimlərin inkişafı üçün FİFA tərəfindən bizə 120 min avro vəsait ayrılır. Hakimlər komitəsi ilə inspektor birləşib bir departament yaradıb və bir sədr seçilməlidir. Avropanın 55 ölkəsi bu prinsiplə işləyir, lakin biz konvensiyanın şərtlərini pozuruq. Mən çox şad olardım ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev hakimlər komitəsinin birbaşa AFFA-nın baş katibi Elxan Məmmədova həvalə etsin. Bir hakimi yetişdirmək üçün ən azı 4-5 il tələb olunur. Lakin məhv etmək üşün 3 dəqiqə lazımdır. Bir səhv təyin olunmuş penaltiyə görə nəyinki Azərbaycanda, hətta dünyada heç bir hakim postundan kənarlaşdırtılmayıb. Elxan Məmmədov yeqanə şəxsdir ki, Azərbaycanı UEFA-da təmsil edir. Bu çox çətin bir işdir. Orada çalışmaq üçün avropalıların psixologiyasını, düşüncə tərzini bilmək lazimdir. Düşünürüm ki, Elxan Məmmədov gələcəkdə Azərbaycan futbolunun inkişafında böyük rol oynayacaq.

- Gələcəkdə necə, hakimlik postuna yenidən yiyələnmək ehtimalınız varmı?

- FİFA-da hakimlik karyerası 45 yaşa qədərdir. Azərbaycanda isə bu yaş həddi 47-dir. Mənim isə 37 yaşım var. Qarşıda on il vaxtım var, çox ümid edirəm ki, sevdiyim, uğrunda canımı qoyduğum işlə məşğul olub yenidən Avropada ölkəmin adını zirvələrə qaldıracam. Mənim üçün əsas xalqıma, dövlətimə layiqli şəkildə xidmət etməkdir. Həyatda nə olacağını bilmirik, bu gün hakim olan sabah tamam başqa bir peşə ilə məşğul ola bilər. Buna görə anlamaq lazımdır ki, əsas xalqın sənə olan sevgisi və hörmətidir. Mən çox sevinirəm ki, mənim xalqım bu məsələdə məni dəstəkləyir və mənə edilən haqsızlığın tezliklə aradan qaldırılmasının tərəfdarıdır.

- Yenidən hakim olmağınız üçün nə etmək lazımdır?

- Hakimlikdən üç il kənarda qalmağıma baxmayaraq, mən hələ də, məşqlərə dəvəm edirəm və ümidimi itirmirəm. Əminəm ki, yaxın gələcəkdə yenidən hakimlik vəzifəmə qayıdacağam. Bunun üçün əlimdən gələni edirəm.

- Qeyd etdiniz ki, futbol hakimlərinin inkişafı zəifdir. Bəs futbolçuların necə?

- Əvvəlcə deyim ki, yalnız futbolda deyil, bütün idman sahələrində inkişaf gedir. Prezident İlham Əliyevin 2018-2019-cu illərdə idman inkişaf proqramı imzalamağı gözlənilir. İnanıram ki, bu proqram idmanın inkişafına daha da böyük töhfə verəcək. Futbol isə hazırda inkişafa doğru gedir. Lakin sürətli inkişaf üçün Premyer Liqada səkkiz komandanın mübarizə aparması azdır. Bu say, ən azı 12-14 olmalıdır. Klublarımız nə qədər çox olsa, bir o qədər də milli komandaya güclü, istedadlı oyunçular cəlb etməyə şansımız artacaq. Yeri gəlmişkən, mən Qurban Qurbanovu milli komandamızın baş məşqcisi təyin olunması münasibəti ilə təbrik edirəm. O, həqiqətən, bu vəzifəyə layiqli bir şəxsdir. Əminəm ki, Qurban Qurbanov milli komandamızı daha da yüksəklərə qaldıracaq.

- Komandalarımızın üstünlük verdiyi legionerlərə münasibətiniz necədir?

- Legioner dünyanın hər bir ölkəsində var, bu normaldır. Lakin çalışmalıyıq ki, xarici futbolçulardan çox yerli oyunçularımız olsun. Legionerləri də elə seçmək lazımdır ki, futbolçularımız onlardan peşəkarlıq öyrənsinlər. Məsələn, “Qarabağ” klubunda olan legionerlər həqiqətən peşəkar futbolçulardır. Millimizin baş məşqçisi Qurban Qurbanov da əsasən yerli idmançılara üstünlük verir. Buna görə də, əminəm ki, Azərbaycan futbolu günü-gündən inkişaf edəcək və yerli futbolçularımızın sayı artacaq.

- Qarşılaşmalarda bir az zəif oyun nümayiş etdirən futbolçulara qarşı azarkeşlərin sərt reaksiyası ilə bağlı nə düşünürsünüz?

- Hər bir azarkeş istəyir ki, pərəstiş etdiyi komanda yüksək səviyyədə oyun nümayiş etdirsin. Lakin onu da unutmaq lazım deyil ki, bu oyundur, burada hər an, hər şey ola bilər. Futbolçu qol vuranda, yaxşı oyun göstərəndə onu alqışlayırlar. Amma bir səhv edəndə onu təhqir edib, ünvanına nalayiq sözlər işlədirlər. Futbolun bir oyun olduğunu unutmamalıyıq.

- Son zamanların ən çox müzakirə olunan hadisələrdən biri də, “Qarabağ” və “Çelsi” oyununda hakimin aldığı qərardır. Həmin hakimin yerində olsaydınız, siz necə addım atardınız?

- Bütün dünyada qəbul olunmuş futbol qaydaları var. Qaydalarda qeyd olunub ki, rəqib real qoldan tutma və dartma yolu ilə məhrum olunursa, bu ikili cəzaya bərabərdir.Yəni hakim penalti və qırmızı vərəqə təyin etməlidir. Futbolçunun məqsədi rəqibinə maneə olmadan, sırf topla oyundursa, o zaman yalnız penalti və sarı vərəqə olmalıdır. Həmin oyunun hakimi mən olsaydım, qayda pozuntusu qeydə almayıb, oyunu davam etdirərdim.

- Əlinizdə olsa Azərbaycan idmanında nə dəyişikliklər edərdiniz?

- İdmanın inkişafı üçün Prezidentimiz İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva həqiqətən böyük işlər görürlər. Hörmətli Prezidentimizin qələbə qazanan idmançılarla görüşüb, onlarla bu sevinci bölüşməsi idmançılarımıza böyük stimul verir. Hakimlikdə isə əlimdən gələni edərdim ki, bacarıqlı, istedadlı hakimlər inkişaf etsin. Hakimlər arasında sağlam rəqabət olsa, hər kəs layiq olduğu yerdə olar. Hakimlərimiz Babək Quliyev, İmanxan Sultanov, Tahir Süleymanov kimi mütəxəssislərə baxıb öz peşəkarlıq səviyyələrini artırmalıdırlar.

- Rayonlarda hakimlik səviyyəsi necədir?

- Rayonlardan Bakıya gələn prespektivli hakimlər var. Məsələn, Rəşad Əhmədov-Mingəçevir, Şəki şəhərindən Rəvan Həmzəzadə. Lakin rayonlarda olan hakimlər bilik və peşəkarlıq səviyyələrini artırmaq üçün paytaxta gəlmək məcburiyyətində olmamalıdırlar. Rayon hakimlərinin inkişaf etməsi üçün müəyyən məbləğdə vəsait ayrılmalı və hakimlər bir şəxsə həvalə olunmalıdırlar. Düşünürəm ki, Gəncə şəhərində olan Məhəmməd Məhəmmədov, Mingəçevirdən Rövşən Əhmədov, Sumqayıtdan Azad Mütəllimov və Fazil Mürşüdova bu iş həvalə olunsa nəticə yüksək səviyyədə olacaq.

- Gələcək planlarınız barədə nə deyərdiniz?

- 2003-cü ildən Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim vəzifəsində işləyirəm. Mənim üçün fəxrdir ki, futbol kafedrasının yaradıcısı Ələkbər Məmmədov və Tofiq Bəhramov olub. Nə qədər çətinliklər olsa belə, mən fəxr edirəm ki, Tofiq Bəhramovun davamçısıyam. Hazırda əsas məqsədim yenidən hakim kimi fəaliyyətə başlamaqdır. Daha sonra isə Avropada hakim-inspektor kimi ölkəmizi təmsil etmək istəyirəm.

- Hər bir insanın çətin anlarında yaxınlarının dəstəyinə ehtiyacı olur. Bəs sizin belə anlarda etibar etdiyiniz dostunuz varmı?

- Atam, anam və həyat yoldaşım mənə hər bir məsələdə dəstək olmağa çalışırlar. Bundan əlavə ən yaxın dostlarımdan biri Aleksandr İvanovic Timçenkodur. Aleksandr, Azərbaycanı bir çox yarışlarda təmsil edib. “Neftçi” klubunun şərəfini qoruyub, Gəncənin “Kirovobad” komandasında çıxış edib, hakim vəzifəsini icra edib. Hazırda Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində yaşayır. Orada idman məktəb direktorunun köməkçisidir. Aleksandr ilə biz 25 ildir dostluq edirik. Timçenko hər gün mənimlə telefon vasitəsi ilə əlaqə saxlayıb, Azərbaycanda baş verən ən son idman hadisələri ilə maraqlanır.



Aleksandr Timçenkonu Anar Salmanovun yanında görüb, Azərbaycan idmanı barədə fikirlərini öyrəndik:

“İdmanın hər bir növünün daha da inkişaf etməsi üçün yerli idmançılar üstünlük təşkil etməlidirlər. Əlbətdə, bir necə legioner olmalıdır ki, futbolçular biliklərini təkmilləşdirsinlər. Düşünürəm ki, Azərbaycanda bu say həddindən artıq çoxdur. Bunu aradan qaldırmaq üçün isə uşaq idmanından başlamaq lazımdır. İdman məktəblərinə yerli və xarici mütəxəssislər dəvət olunmalıdır. Uşaqları kiçik vaxtlarından məhz peşəkarlar əhatə etməlidir. Mən hər il Azərbaycanı səfər edirəm və çalışıram həm uşaq, həm də böyüklərin oyunlarını izləyim. Sevindirici haldır ki, ildən-ilə Azərbaycan futbolu inkişafa doğru gedir. Amma təəssüf ki, bəzi sahələrdə istedadlı və peşəkar idmançıların məlum olmayan səbəblərə görə, karyeralarına son qoyulur. Əminəm ki, Anar Salmanova qarşı edilən bu haqsızlıq cəzasız qalmayacaq. Qəbul edilən yalnış qərara görə, cərimə tədbiq etmək lazımır, hakimlikdən uzaqlaşdırmaq düzgün deyil. Anar Salmanov hakimlər arasında bizim ən parlaq ulduzumuzdur. Mən Azərbaycan Premyer Liqasının bütün oyunlarını izləyirdim. Təəssüf hissi ilə qeyd edirəm ki, Anar Salmanov kimi ikinci hakim yoxdur. Buna görə də, çalışmaq lazımdır ki, istedadlı insanların irəli getməsinə imkan yaradıb, onlardan peşəkarlığa yiyələnək. Onu da qeyd edim ki, bu ilin yay aylarında İrkutsk vilayətinin hesabına təşkil olunacaq beynəlxalq seminara Anar Salmanovu dəvət etməyi planlaşdırırıq. Belə istedadlı bir şəxsin seminar iştirakçılarına çox faydalı məsləhətləri olacağına əminəm”.

- Maraqlı fikirləriniz üçün minnətdarlığımızı bildirirk.

- Sizə də uğurlar.

Türkay Niftəliyeva
Geri qayıt