Əsas Səhifə > Manşet > Pxençan-2018: idmançıların paradında Azərbaycan komandasının keçidi olub

Pxençan-2018: idmançıların paradında Azərbaycan komandasının keçidi olub


9-02-2018, 16:58


Koreya Respublikasının Pxençan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi davam edir. Hazırda idmançıların paradı keçirilir.

Xatırladaq ki, iştirakçı ölkələrin ənənəvi paradında Azərbaycan komandasının keçidi olub. Ölkəmizin bayrağını Patrik Braxner aparıb.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyətinə MOK-un baş katibinin müavini Azər Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və digərləri daxildir.

Pxençan-2018 Qış Olimpiadası Azərbaycan yığması üçün altıncı olimpiadadır. Ölkəmiz 1998-ci ildən bəri Qış Olimpiya Oyunlarında iştirak edir. Budəfəki Oyunlarda slalom və böyük slalom yarışlarında Azərbaycanı Patrik Braxner təmsil edəcək. Atlet Pxençan-2018-ə lisenziyanı müxtəlif yarışlarda topladığı xallar sayəsində qazanıb.

Pxençan-2018 Olimpiya Oyunlarında 92 ölkədən 2900-dan çox idmançı iştirak edəcək. Bu, indiyə qədər Qış Olimpiadalarında iştirak edən idmançıların sayına görə rekord nəticədir. Oyunlara ən çox idmançı ilə Amerika Birləşmiş Ştatları təmsil olunur - 242 atlet.
Geri qayıt